05 Yanvar 2025, Bazar

Fevralın 12-də Naxçıvan şəhərindəki 10 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir.
Açılış tədbirində çıxış edən məktəbin direktoru Əkbər İbrahimov demişdir ki, muxtar respublikada tikilən məktəb binalarında yaradılan yüksək şərait, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təhsilin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Bu gün muxtar respublikanın müasir məktəblərinin sırasına daxil olan 10 nömrəli tam orta məktəbdə yaradılan hərtərəfli şərait də tədrisdə yüksək nəticələrin əldə edilməsinə imkan verəcəkdir. Əkbər İbrahimov göstərilən dövlət qayğısına görə kollektiv adından minnətdarlıq etmiş, bundan sonra da gənc nəslin təlim-tərbiyəsində səylə çalışacaqlarını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri təbrik edərək demişdir: “Bu gün ölkə­mizdə təhsilin inkişafı həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Ölkə başçısı tərəfindən yeni məktəb binalarının tikintisinə, müasir təhsil infrastrukturunun yaradılmasına göstərilən yüksək diqqət və qayğı ölkəmizdə təhsilin keyfiyyətinin yüksəlməsinə, bu sahədə uğurlu nailiyyətlərin qazanılmasına səbəb olmuşdur”.

Ümummilli lider Heydər Əliyevin “Təhsil uşaqları, gəncləri gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis kimi hazırlayan müqəddəs sahədir” fikrini xatırladan Ali Məclisin Sədri demişdir ki, təhsilin müqəddəs sahə olduğunu şərtləndirən amil onun ölkəmizin gələcəyinə xidmət etməsidir. Ona görə də ümumtəhsil məktəblərində dərslərin yüksək səviyyədə tədrisinə xüsusi diqqət yetirilməlidir.
“10 nömrəli məktəbdə yaradılan şərait məktəbin kollektivi qarşısında yeni vəzifələr qoyur”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, şagirdlər istifadəyə verilən müasir tədris avadanlıqlarından səmərəli istifadə etməli, keçilən dərslər yüksək səviyyədə mənimsənilməlidir. Məktəbin pedaqoji kollektivi isə ölkəmizin gələcəyi üçün bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə xüsusi diqqət yetirməli, yaradılan şəraitdən səmərəli istifadə təmin olunmalıdır.
Ali Məclisin Sədri demişdir: “2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmuşdur. Muxtar respublikanın orta ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, onlardan istifadənin genişləndirilməsi bu il də üstün istiqamət kimi götürülür. 10 nömrəli tam orta məktəb də müasir informasiya-kommunikasiya texnologiyaları ilə zənginləşdirilmişdir. Məktəbdə quraşdırılan elektron lövhələr, internetə qoşulan kompyuterlər, elektron dərsliklər tədrisin müasir interaktiv metodlar əsasında təşkilinə imkan verəcəkdir”.

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirərək demişdir: “2011-2012-ci tədris ilində məktəbin məzunlarından 24-ü ali məktəblərə, 6-sı isə orta ixtisas məktəbinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlardan 3-ü 500-700 intervalında bal toplamış, onlardan 1-i Prezident təqaüdünə layiq görülmüşdür. Bu uğurların qazanılmasında xidməti olan müəllimlərin əməyi də dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, məktəbin müəllimlərindən 1-i Azər­baycan Respublikasının, 1-i Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, bir müəllim isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur”.
Qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirən Ali Məclisin Sədri onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə etmiş, təhsildə qazandıqları nailiyyətə görə onlara öz təşəkkürünü bildirmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
972 şagird yerlik məktəb binası müasir tələblər səviyyəsindədir. Binada 4-ü elektron lövhəli olmaqla, 54 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompyuter otağı, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Yaradılan tədris şəraiti, istifadəyə verilən fənn laboratoriyaları və kabinələri şagirdlərin dərsləri daha yaxşı mənimsəmələrinə və bundan sonra da yüksək təhsil uğurları qazanmağa imkan verəcəkdir.
Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanmışdır. Bu tədris ilində məktəbin birinci sinfinə 30 şagird qəbul olunmuşdur. Bildirilmişdir ki, ibtidai siniflərə məktəbin birinci mərtəbəsində, yuxarı siniflərə isə digər mərtəbələrdə ayrılmış sinif otaqlarında dərslər keçiləcək. Müasir tədrisin tələbləri nəzərə alınaraq muxtar respublikanın məktəblərində tətbiq olunan bu vasitə ibtidai təhsilin səmərəliliyi baxımından əhəmiyyətlidir.
Kompyuter siniflərində 57 kompyuter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Yaradılan şərait informatika dərslərinin yüksək səviyyədə tədrisinə, şagirdlərin kompyuterlərin texniki və proqram təminatını öyrənmələrinə hərtərəfli köməklik göstərəcəkdir.

Məktəbin kitabxana fondunda 15 minə yaxın dərslik və bədii ədəbiyyat vardır. Kitabxananın fondu elektron dərsliklərlə də zənginləşdirilir.
Məktəbdə 4 elektron lövhə quraşdırılmışdır. Müasir elektron lövhələr tədris prosesində məlumatların ətraflı və aydın şəkildə qavranmasına, eləcə də elektron dərsliklər və xüsusi tədris proqramları ilə dərslərin daha faydalı və maraqlı keçilməsinə imkan verir.
Hərbi kabinəyə baxış zamanı bildirilmişdir ki, məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə, hərbi biliklərin dərindən öyrənilməsinə, ilkin hərbi hazırlıq dərslərinin yüksək səviyyədə tədrisinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, məktəbin şagirdləri Heydər Əliyev adına Hərbi Liseyə qəbulda hər il yüksək nailiyyətlər qazanırlar.
Məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri muxtar respublikada təhsil quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra davam etdiriləcəyini qeyd etmiş, məktəblərdə yaradılan şəraitdən səmərəli istifadənin vacibliyini bildirmişdir.
Müəllimlər “Heydər Əliyev ili” olan 2013-cü ildə uğurlu nailiyyətlərin qazanılması üçün səylə çalışacaqlarını bildirərək demişlər ki, təhsil hər bir ölkənin inkişafının əsas hərəkətverici qüvvəsidir. Təhsili, elmi olmayan cəmiyyət inkişaf edib möhkəmlənə bilməz. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil quruculuğu da, ilk növbədə, cəmiyyətin inkişafına, ölkəmizin tərəqqisinə xidmət edir. Müəllimlər yaradılan şəraitə, göstərilən hərtərəfli dövlət qayğısına görə dərin minnətdarlıqlarını bildirmişlər.
Məktəbdə fərdi qazanxana və müasir istilik sistemləri quraşdırılmış, həyətdə abadlıq və yaşıllaşdırma işləri aparılmış, işıqlandırma sistemləri qurulmuş, açıq idman qurğuları qoyulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR