89 il bundan əvvəl yaradılan Naxçıvan Muxtar Respublikası çətin, mürəkkəb və eyni zamanda parlaq bir inkişaf yolu keçmiş, milli istiqlaliyyət yolunda Naxçıvanda cəsarətli addımlar atılmışdır. Bu gün də Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, tarixinin öyrənilməsinə və elmi potensialının gücləndirilməsinə dəyərli töhfələr verir. Muxtar respublikada inkişaf və tərəqqi dövrü kimi səciyyələnən son illərdə Naxçıvan tarixinin öyrənilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, Naxçıvanşünaslıq Mərkəzinin yaradılması da bu istiqamətdə görülən işlərin davamı kimi yadda qalmışdır.
Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yeni binasının açılışı olmuşdur.
Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən lenti kəsmişdir.
Açılış tədbirində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək demişdir ki, son illər Naxçıvanın tarixinin, arxeologiya və etnoqrafiyasının, mədəniyyətinin və təbii sərvətlərinin öyrənilməsi ciddi tədqiqatların predmetinə çevrilmiş, yeni elmi istiqamətlər müəyyənləşdirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika ərazisindəki tarixi abidələr tədqiq olunaraq pasportlaşdırılmış, tarix və mədəniyyət abidələrinin mühafizəsi təmin edilmiş, elmi simpoziumlar və konfranslar keçirilmişdir. Görülən işlər Naxçıvanşünaslığın öyrənilməsi istiqamətində də yeni imkanlar açmış, bu sahədə konkret elmi nəticələr qazanılmış, Naxçıvanşünaslıq Mərkəzinin yaradılması zərurətə çevrilmişdir. Binada yaradılan şərait Naxçıvanşünaslıq Mərkəzi ilə elm, tədqiqat və təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın qurulmasında, elmi-tədqiqat işlərinin aparılmasında, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayacaqdır. Akademik İsmayıl Hacıyev yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikasının elmi ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin açılışına əlamətdar və tarixi bir gündə – Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 89-cu ildönümü günündə toplaşmışıq. Belə bir gündə Naxçıvanşünaslıq Mərkəzinin istifadəyə verilməsi muxtariyyət tariximizlə yanaşı, bu qədim Azərbaycan torpağının digər tarixi mərhələlərinin də öyrənilməsinə, tədqiq və təbliğ olunmasına, eləcə də gələcək nəsillərə çatdırılmasına göstərilən diqqətin ifadəsidir”.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 89-cu ildönümü və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi və muxtar respublika əhalisini təbrik edərək demişdir: “89 il bundan əvvəl yaradılmış Naxçıvan Muxtar Respublikası mühüm tarixi missiyanı yerinə yetirmişdir. Onlardan biri də muxtar respublikaya aid ərazinin, bununla birlikdə isə minilliklər boyu Azərbaycan türkləri tərəfindən bu ərazidə yaradılmış zəngin maddi və milli dəyərlərin qorunmasıdır. Əgər bu dəyərlər qorunmasaydı, biz indi nəinki Naxçıvanın qədim tarixindən, heç müasir və ən müasir tarixindən də danışa bilməzdik. Naxçıvan böyük bir tarixi keçmişə malikdir. Bu tarix Sovetlər Birliyi dövründə lazımi səviyyədə öyrənilməmiş, bir sıra ciddi elmi və nəzəri səhvlərə yol verilmişdir. Ulu öndər Heydər Əliyevin istər Azərbaycana rəhbərliyinin birinci, istərsə də ikinci dövründə xalqımızın tarixinin, mədəniyyətinin və milli dəyərlər sisteminin elmi dəlil və arqumentlər əsasında yenidən öyrənilməsinə başlanmışdır. Müstəqillik dövründə Azərbaycanın tarixi, arxeologiyası, etnoqrafiyası, ədəbi mühiti və mədəniyyəti vahid elmi konsepsiya baxımından öyrənilmiş, buna uyğun olaraq, Azərbaycanşünaslıq və onun tərkib hissəsi kimi Naxçıvanşünaslıq da elmi istiqamət kimi müəyyənləşmişdir”.
Ali Məclisin Sədri demişdir ki, elmi sahə kimi Naxçıvanşünaslığın öyrənilməsinə 1996-cı ildən başlanmışdır. Həmin ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumu Naxçıvanşünaslığın öyrənilməsində yeni mərhələ təşkil etmişdir. Bundan ötən illər ərzində Naxçıvan tarixinin müxtəlif mərhələlərinin, ələlxüsus da qədim dövr tarixinin öyrənilməsinə dair 50-dən çox beynəlxalq elmi forum, konfrans və simpozium keçirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika ərazisində 800-dən artıq yeni tarixi abidə tapılmış, ümumilikdə, 1200-dən çox tarix və mədəniyyət abidəsi pasportlaşdırılaraq onların dövrü və tipoloji mənsubiyyəti müəyyənləşdirilmişdir. Bununla yanaşı, uzun müddət öyrənilməsinə qadağa qoyulmuş Nuh peyğəmbər və Naxçıvan bağlılığı yenidən elmi tədqiqatların gündəliyinə çıxarılmış, qədim daşüstü yazılar, yurd yerləri, beş minillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiq olunmuşdur.
“Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində Naxçıvanın tarixinə dair 50-yə yaxın ziddiyyətli məzmuna və istiqamətə malik kitab və ya broşür hazırlanmışdırsa, 1996-cı ildən ötən dövr ərzində Naxçıvanşünaslığa dair hazırlanan monoqrafiya, kitab, elmi məqalə, dərslik və dərs vəsaitlərinin sayı mini keçmişdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, əldə olunan kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanılması, tədqiq və təbliğ edilməsi Naxçıvanşünaslıqla məşğul olan ayrıca bir mərkəzin yaradılmasını zərurətə çevirmişdir. Bu zərurət əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvanşünaslıq Mərkəzi yaradılmış, mərkəz üçün bina ayrılmış və əsaslı surətdə yenidən qurulmuşdur. Mərkəz, onun kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunmuş, elektron kitabxana və elektron arxiv yaradılmışdır.
Ali Məclisin Sədri bu gündən Naxçıvan Muxtar Respublikasında yeni elm və mədəniyyət müəssisəsi – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyətə başladığını bildirərək demişdir: “Biz Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyətinə ciddi tələblər veririk. Mərkəz Əsasnamə ilə ona həvalə olunmuş vəzifələri yerinə yetirməli, Naxçıvan tarixini öyrənməklə Azərbaycan tarixinin də öyrənilməsinə öz töhfəsini verməli, fəaliyyətini mədəniyyət və elm müəssisələri, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə qarşılıqlı əməkdaşlıq əsasında qurmalıdır”.
Ümummilli lider Heydər Əliyevin “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvan tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir” fikrini xatırladan Ali Məclisin Sədri ulu öndərimizin müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsində kollektivə və tədbir iştirakçılarına uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada server otağı, Biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi, Elmi-metodik şöbə, Xidmət şöbəsi, Komplektləşdirmə şöbəsi, Kitabişləmə və kataloqlaşdırma şöbəsi, skayner otağı, kitabsaxlayıcı fond, oxu və dövri mətbuat zalı, elektron oxu zalı, arxiv, bufet, iş və xidmət otaqları yerləşir.
Azərbaycanşünaslığın üzvi tərkib hissəsi olan Naxçıvanşünaslığa dair irsin, xüsusilə Naxçıvan Muxtar Respublikasının tarixi, elmi, ədəbi mühiti, incəsənəti, təbii sərvətləri və mədəniyyəti, habelə Naxçıvanın görkəmli şəxsiyyətlərinin həyatı və fəaliyyətinin öyrənilməsi və təbliğ olunması Naxçıvanşünaslıq Mərkəzinin əsas fəaliyyət istiqamətidir. Bildirilmişdir ki, mərkəzin arxivi və fondu Naxçıvana həsr olunmuş çoxsaylı kitab, albom, elmi-kütləvi qəzet və jurnal materialları, sənədli filmlər və elektron daşıyıcılarla daim komplektləşdirilməli, muxtar respublika həyatının müxtəlif sahələrinə həsr olunmuş tədbirlər, dəyirmi masalar təşkil edilməli və digər mədəni-kütləvi tədbirlər keçirilməlidir.
Kitabsaxlayıcı fondda Naxçıvanın tarixinə, arxeologiyasına, təbii sərvətlərinə və milli dəyərlərimizə həsr olunmuş 1000-dən artıq kitab və avtoreferat, eləcə də dövri mətbuat nümunələri vardır. Oxu və dövri mətbuat zalında istifadəçilər üçün fonddakı kitablardan, qəzet və jurnallardan, eləcə də internetdən istifadə imkanı yaradılmışdır.
Binada informasiya köşkü quraşdırılmışdır. İstifadəçilər onlara verilən şəxsi parol vasitəsilə elektron informasiya köşkünə yaxınlaşaraq istənilən kitabı sifariş verə bilərlər. Elektron köşk istifadəçilərə kitab fondunun elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş imkanı yaradır.
Ali Məclisin Sədri elektron oxu zalının fəaliyyəti və Naxçıvanşünaslıq Mərkəzinin yeni yaradılan internet saytı ilə tanış olmuşdur.
Bildirilmişdir ki, 12 kompyuter və CD materialların izlənməsi üçün bir televizorun quraşdırıldığı elektron oxu zalında istifadəçilərə internet və daxili şəbəkə vasitəsilə xidmət göstərilir. İstifadəçilər elektron kataloq vasitəsilə mərkəzin fondunda olan ədəbiyyatlardan, sənədlərdən, əlyazmalardan, video və audio materiallardan, fotolardan və xəritələrdən istifadə edə bilərlər. Elektron kataloq informasiya resurslarından səmərəli istifadə edilməsində, bura müraciət edənlərin informasiya tələbatının daha yüksək səviyyədə ödənilməsində mühüm əhəmiyyət daşıyır.
Üç dildə hazırlanan “www.e-merkez.alimeclis.az” internet saytı mərkəz ilə səmərəli informasiya mübadiləsi aparmağa imkan verəcəkdir. Saytın “Elektron kataloq”, “Elektron arxiv”, “Elektron kitablar”, “Bizimlə əlaqə” bölmələrində mərkəz ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, kitab sifariş vermək və kataloqda axtarmaq, arxivdəki sənədli və televiziya filmlərinə baxmaq imkanı vardır. “Elektron arxiv” bölməsində video, audio və fotomateriallar, eləcə də sənədlərin, əlyazmaların və xəritələrin elektron formaları yerləşdirilmişdir. İstifadəçilər saytın “Faydalı linklər” bölməsi vasitəsilə ölkəmizdəki və dünyadakı bir çox kitabxanaların internet saytlarından istifadə edə biləcəklər. “Elektron kitablar” bölməsində mərkəzin fondundakı kitablar haqqında biblioqrafik məlumat və kitabların elektron variantları yerləşdirilmişdir. İnternet saytının istifadəyə verilməsi Naxçıvanın öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Arxiv otağında sənədlərin saxlanması üçün hərəkətli rəflər qoyulmuşdur. Arxivdə mühüm dövlət əhəmiyyətli sənədlər, sənədli və digər filmlərin toplandığı 80-ə yaxın disk, Naxçıvanın tarixinə dair müxtəlif yerlərdən, o cümlədən xarici arxivlərdən toplanmış xəritələr saxlanılır. Dünyanın qabaqcıl ölkələrində istifadə olunan hərəkətli rəflər sənədlərin uzunmüddətli və keyfiyyətlə mühafizəsinə təminat verir. Paralel relslər üzərində asanlıqla hərəkət edən rəflər sənədləri etibarlı mühafizə etməklə yanaşı, onlardan istifadəni də xeyli asanlaşdırır.
Polşa Respublikasında Naxçıvanın tarixi abidələrinin təsvirlərinin qiymətli metal üzərində həkk olunmuş xatirə medalları buraxılmışdır. Ali Məclisin Sədri xatirə medal dəstini Naxçıvanşünaslıq Mərkəzinə hədiyyə etmişdir.
Bina ilə tanışlıqdan sonra tədbirdə iştirak edən Naxçıvan ziyalılarının bir qrupu ilə görüşən Ali Məclisin Sədri qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvanın həm də mühüm bir elmi-tədqiqat mərkəzi olduğunu bildirərək demişdir ki, Naxçıvan tarixinin öyrənilməsi və tədqiqi bütövlükdə Azərbaycan tarixinin öyrənilməsi və tədqiqi deməkdir. Aparılan elmi araşdırmalar bundan sonra da konkret istiqamətə yönəldilməli, alimlərimiz yaradılan şəraitdən səmərəli istifadə edərək yeni tədqiqat işlərinin aparılması istiqamətində səylərini artırmalıdırlar. Yeni fəaliyyətə başlayan Naxçıvanşünaslıq Mərkəzi elmi-tədqiqat işlərinin daha səmərəli aparılmasında əhəmiyyətli rol oynayacaqdır.
Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyətə başlamasını ölkəmizin ictimai-mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirən ziyalılar göstərilən diqqət və qayğıya, onların fəaliyyəti üçün yaradılan hərtərəfli şəraitə görə öz minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti