Fevralın 9-da İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu ölkəsinin milli bayramı – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildikdən sonra “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
İnqilabdan ötən 34 il ərzində ölkəsinin keçdiyi inkişaf yolundan danışan İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli qeyd etmişdir ki, 1979-cu ildə İran xalqı öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə qalxaraq qələbə qazanmış, İran İslam Respublikası inkişaf edərək bugünkü səviyyəyə gəlib çatmışdır. İran xarici siyasət kursunda qonşular, region və İslam dünyası ilə əlaqələrin genişləndirilməsinə üstünlük verir. Dost və qonşu ölkələr olan İran ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki ölkə nümayəndə heyətlərinin birlikdə qarşılıqlı səfərləri və bu zaman aparılan danışıqlar, imzalanan sənədlər, əldə olunan razılıqlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əməkdaşlıq ölkələrimizin əlaqələrinin daha da dərinləşməsinə və inkişafına xidmət edir.
Baş konsul İran-Azərbaycan əlaqələrinin mehriban qonşuluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da daim inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dost və qardaş İran xalqının milli bayramı – İslam İnqilabının ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: “Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr qarşılıqlı əməkdaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi siyasi fəaliyyəti dövründə əsası qoyulmuş bu əlaqələr ötən illər ərzində genişlənmiş, ölkələr və xalqlararası münasibətlər inkişaf etmişdir. Bu gün xalqlarımızın mənafeyinə və maraqlarına uyğun şəkildə davam edən dostluq və qardaşlığımız Azərbaycan Prezidentinin, eləcə də İran İslam Respublikası Prezidentinin səyləri ilə daha da möhkəmlənmişdir”.
Ali Məclisin Sədri demişdir ki, bu əlaqələrin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının da özünəməxsus yeri və rolu vardır. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasındakı faydalı əməkdaşlıq qonşuluq münasibətlərinə mühüm töhfədir. Əlaqələrin qarşılıqlı inkişafı üçün bir sıra işlər görülmüş, energetika, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlığa hərtərəfli zəmin yaradılmış, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri nəticəsində əməkdaşlıq daha da inkişaf etmiş və genişlənmişdir.
Ali Məclisin Sədri əlaqələrimizin inkişafında İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun da xidmətləri olduğunu vurğulamış, bütün bunlara görə konsulluğun əməkdaşlarına təşəkkürünü bildirmiş, İran İslam Respublikasına inkişaf və tərəqqi arzulamışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti