Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpeni qəbul etmişdir.
Fransanın keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması münasibətilə dövlətimizin başçısını təbrik etdi. Əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı çoxlu birgə layihələrin olduğunu vurğulayan Dominik de Villpen ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ilə bağlı Fransanın informasiya texnologiyaları şirkətlərinin göstərdikləri dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Fransanın müxtəlif şirkətlərinin ölkəmizdəki fəaliyyətinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Fransa arasında uzunmüddətli əməkdaşlıq layihələrinin əhəmiyyətini vurğuladı.
* * *
Fevralın 11-də ölkəmizin ictimaiyyəti tanınmış elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərim oğlu Kərimovu son mənzilə yola salmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Mahmud Kərimovun vida mərasimində iştirak etmək üçün AMEA-nın binasına gəldi.
Dövlətimizin başçısı görkəmli alimin ailə üzvlərinə dərin hüznlə başsağlığı verdi.
AzərTAc