Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi ilə tanış oldu.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov yeni müəssisədə yaradılan şərait və istehsal prosesi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, müəssisədə gövdə-qaynaq, mexaniki emal, metaləritmə, çilingər, ağac emalı, elektrikquraşdırma və gəmilərin təmiri ilə bağlı ayrı-ayrı sahələrdə lazımi işləri aparmaq üçün ən müasir dəzgahlar, avadanlıq və ləvazimatlar alınaraq quraşdırılmışdır.
Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə saldı.
Dövlətimizin başçısı müəssisənin ayrı-ayrı sexlərində oldu. Bildirildi ki, 2,2 hektar sahədə 6 sex binası inşa olunmuş, müvafiq kommunikasiya xətləri çəkilmiş, lazımi infrastruktur yaradılmışdır. Bundan başqa, ərazidə böyük həcmdə sahilbərkitmə işləri görülmüş, ümumi uzunluğu 1400 metrə yaxın olan yanalma körpüləri və dalğaqıran inşa edilmişdir. Bu körpülərdə eyni zamanda iriölçülü 8 gəminin təmirə dayana biləcəyi bildirildi.
Prezident İlham Əliyev “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin ayrı-ayrı sahələrini gəzdi, yaradılan şəraitlə yaxından tanış oldu.
AzərTAc