“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası sahəsində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Naxçıvan şəhərində yeni istixana kompleksi yaradılmışdır.
Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni istixana kompleksinə baxmışdır.
Sahibkar Elçin Bağırov istixana kompleksi haqqında məlumat verərək bildirmişdir ki, müəssisə yaradılarkən Sahibkarlığa Kömək Fondundan 1 milyon manat kredit götürülmüş, 700 min manat şəxsi investisiyadan istifadə edilmişdir. 10 min kvadratmetr sahəsi olan yeni istixana kompleksində Hollandiya və Türkiyə istehsalı olan ən müasir avadanlıqlar quraşdırılmış, anbarlar, qazanxana, yeməkxana və işçilər üçün otaqlar yaradılmış, yeni kənd təsərrüfatı texnikaları alınmışdır. Avtomatik rejimdə işləyən iqlim nəzarət sistemləri, isitmə və havalandırma avadanlıqları istixanada temperaturun sabit saxlanmasına və havanın təmizliyinə imkan verir. Burada damcılı suvarma üsulundan istifadə edilir. İstixanada müasir texnologiyaların tətbiqi yüksək məhsuldarlığa nail olunmasında və əhalinin keyfiyyətli məhsullarla təminatında əhəmiyyətli rol oynayır.
Bildirilmişdir ki, kompleksdə 25 min zirə sortu xiyar və pomidor şitili əkilmişdir. Hər kolun məhsuldarlığı 25-30 kiloqram, müəssisənin illik istehsal gücü isə 200 tondur. Kompleksdə becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilir, pomidor və xiyar kollarının tozlanması xüsusi arı ailələri vasitəsilə aparılır. Bu da məhsuldarlığın təbii yolla artırılmasına, mövsümi ekoloji təmiz məhsulların istehsalına imkan verir. Yaxşı qulluq göstərildiyindən kompleksdə keyfiyyətli məhsul istehsal olunaraq bazara çıxarılır. İstixanada badımcan və bibər şitilləri də əkilmişdir. Gələcəkdə tərəvəz istehsalının daha da artırılması və konservləşdirilmə sahəsinin yaradılması da nəzərdə tutulur.
Baxış zamanı bildirilmişdir ki, muxtar respublikada özəl sektora göstərilən dövlət qayğısının hesabına sahibkarlığın inkişafında ciddi nailiyyətlər qazanılmış, aqrar bölmədə yüzlərlə yeni istehsal müəssisəsi, kiçik fərdi təsərrüfatlar yaradılmışdır. Özəl sektorun inkişafı daxili bazarın qorunmasında, idxaldan asılılığın aradan qaldırılmasında, əhalinin tələbatının yerli istehsal hesabına dolğun ödənilməsində və ərzaq təhlükəsizliyi proqramının uğurla icra edilməsində əhəmiyyətli rola malikdir. Hazırda muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 87 faiz təşkil edir.
Ali Məclisin Sədri muxtar respublika əhalisinin keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunmasında istixana komplekslərinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmiş, tərəvəz məhsullarına olan tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərin davam etdiriləcəyini bildirmişdir.
Sahibkar Elçin Bağırov muxtar respublikada sahibkarlara göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti