Tarixin müxtəlif dövrlərində erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş, azərbaycanlılar bir neçə dəfə soyqırımına məruz qalmışlar. Təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı ermənilərin yürütdükləri soyqırımı siyasətinin qurbanı olmuşdur. 1918-ci ilin mart soyqırımı da tarixin ən qanlı səhifələrindən biridir. Ötən əsrin sonlarınadək xalqımızın üzləşdiyi bu ağır faciəyə obyektiv qiymət vermək mümkün olmamış, xalqımız uzun illər özünün faciəli tarixindən məlumatsız saxlanılmışdır.
Erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş kampaniyasına qarşı mütəşəkkil müqavimət yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ümummilli liderin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında xalqımıza qarşı törədilmiş kütləvi qırğınların və aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanmış, soyqırımına ilk dəfə siyasi qiymət verilmişdir. Ulu öndərimiz azərbaycanlılara qarşı törədilmiş soyqırımları barədə demişdir: “Xalqımıza qarşı əsrlər boyu müntəzəm surətdə ağır cinayətlər törədilmiş, məkrli niyyətlər gerçəkləşdirilmişdir. Öz ağırlığına, miqyasına və nəticələrinə görə bunlar həm də bəşəriyyətə qarşı cinayətlər kimi xarakterizə olunmalı, beynəlxalq hüquqi-siyasi qiymətini almalı, onun ideoloqları və təşkilatçıları layiqincə cəzalandırılmalıdır. Bunu təmin etmək bizim hamımızın ümumi vəzifəmizdir”.
95 il bundan əvvəl törədilən mart soyqırımı qurbanlarının əziz xatirəsi bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır.
Martın 30-da Naxçıvanda soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş iməcilik keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin yaxınlığında keçirilən iməcilikdə iştirak etmiş, yeni meyvə bağı salmışlar.
Meyvə bağının sahəsi 1,5 hektardır. Ərazi əvvəlcədən texnikanın köməkliyi ilə hamarlanaraq ting əkininə hazır vəziyyətə gətirilmişdir. İməcilik zamanı burada 2000-ə yaxın yerli şəraitə uyğun tut, badam və ərik tingləri əkilərək suvarılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir.
Ali Məclisin Sədri yeni salınan meyvə bağında damcılı suvarma sisteminin qurulması və ağac əkininin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.
Həmin gün muxtar respublikanın rayonlarında da 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş iməciliklər keçirilmiş, yeni meyvə bağları, yaşıllıqlar salınmış, tinglər əkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti