Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-də “Bakı Ekspo” sərgi və toplantı mərkəzində “AİTF-2013” XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ilə tanış olmuşlar.
Bildirilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC-lərin təşkilatçılığı ilə keçirilən sərgidə Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakonun turoperatorları ilk dəfə iştirak edirlər. Ənənəvi turizm marşrutları arasında Türkiyə, Gürcüstan, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr yer almışlar. “AİTF-2013” sərgisində 20 ölkə milli stendləri ilə çıxış edir. Həmçinin sərgidə Azərbaycanın 20-dən çox rayonunun turizm potensialı nümayiş olunur.
Diqqətə çatdırıldı ki, sərgiyə Dünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir.
Qeyd edildi ki, artıq ənənə halı almış bu sərgi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə yaxından tanış oldular.
AzərTAc