05 Yanvar 2025, Bazar

Aprelin 22-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilmişdir.
Festivaldan əvvəl Azərbaycanda idmanın, eləcə də şahmatın inkişafından bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalının öz işinə başlaması münasibətilə festival iştirakçılarını təbrik edərək demişdir: “Azərbaycanda şahmatın inkişafı qədim tarixə malikdir. İdmanın bu növünün inkişafının zəruriliyini əsaslandıran ulu öndər Heydər Əliyev deyirdi: “Qədim ənənələrə malik olan şahmatın inkişafı əsas məqsədlərdən biridir. Biz şahmatın inkişafına və istedadlı şahmatçıların yetişdirilməsinə bundan sonra da diqqət yetirməliyik”.
Ali Məclisin Sədri demişdir: “Bu gün həyata keçirilən dövlət siyasəti şahmatın və onun infrastrukturunun daha da inkişaf etdirilməsinə, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin və hakimlərin hazırlanmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” qəbul olunmuşdur. Bütün bunlar ölkəmizdə şahmatın inkişafına, onun maddi-texniki və kadr potensialının gücləndirilməsinə göstərilən qayğının parlaq ifadəsidir”.
“Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da şahmat infrastrukturunun yaradılması, şahmatla bağlı informasiya-maarifçilik və təbliğat işinin gücləndirilməsi, şahmat dərslərinin tədrisində qabaqcıl texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Naxçıvan şəhərində Şahmat Mərkəzi, bütün rayon mərkəzlərində isə şahmat məktəbləri fəaliyyət göstərir. Son illər bu məktəblər üçün sürətli internetlə və ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş binalar tikilmiş, orta ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisinə başlanmışdır. Hazırda 293 qrupda 3 mindən çox məktəbli xüsusi olaraq şahmat üzrə təlimlə məşğuldur. Bundan başqa, bütün ümumtəhsil məktəblərində şahmat dərsləri tədris olunur. Bir sözlə, şahmat ən populyar idman növlərindən birinə çevrilmişdir. Qeyd olunmuşdur ki, şahmat bəşər tarixinin ən qocaman kəşfi, insanı saflaşdıran və kamilləşdirən idman növüdür. Şahmat taxtasını “insan zehninin gimnastika zalı” adlandıran görkəmli fransız alimi Blez Paskal yazırdı ki, “gəncləri şahmata cəlb etməklə onların əqli inkişafına nail olmaq mümkündür”. Bugünkü şahmat festivalı insan zəkasının nəyə qadir olduğunu göstərmək üçün hər bir idmançı qarşısında gözəl imkanlar açır.
Yarışların əsl idman mübarizəsi şəraitində keçəcəyinə, idmançıların ölkələrini layiqincə təmsil edəcəklərinə əminliyini bildirən Ali Məclisin Sədri onlara qələbə əzmi arzulamış, “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalının təşkilatçılarına təşəkkürünü bildirərək festivalı açıq elan etmişdir.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bildirmişdir ki, ümummilli liderimizin rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda şahma­tın inkişafına hərtərəfli qayğı göstərilmiş, şahmat populyar və sevilən idman növlərindən birinə çevrilmişdir. Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idmana qayğı siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafı üçün güclü maddi-texniki baza yaradıldığını bildirən Elman Rüstəmov “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalının burada keçirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd etmiş və şahmatın inkişafı sahəsində yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və beynəlxalq dərəcəli hakim, festivalın baş hakimi Faiq Həsənov çıxış edərək ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən diqqət və qayğıdan danışmış, turnir barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalında 16 ölkədən 260-a yaxın şahmatçı iştirak edir. Turnir üç yarımqrupda keçiriləcəkdir. Şahmatçılar şəxsi əmsallarına görə “A”, “B” və “C” qruplarında mübarizə aparacaqlar. İsveçrə sistemi üzrə keçiriləcək beynəlxalq festival 9 turdan ibarət olacaq və mayın 2-də yekunlaşacaqdır. Yarışda keçmiş dünya və Avropa çempionları, 31 beynəlxalq qrossmeyster, 13 beynəlxalq şahmat ustası və 5 FİDE ustası iştirak edirlər. Muxtar respublikanı festivalda 62 şahmatçı təmsil edir.
Sonra festivalın püşkü atılmışdır.
Açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış etmişdir.

*    *    *

Həmin gün Naxçıvan şəhərindəki Şahmat Mərkəzində “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalı start götürmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın şahmat üzrə ilk beynəlxalq ustası Talıb Babayevə “Beynəlxalq şahmat ustası” adının diplomunu və nişanını təqdim etdikdən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovla birlikdə turnirin başlanmasını bildirən ilk rəmzi gedişləri etmişlər.
“Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalının yarışlarını internet vasitəsilə canlı izləmək mümkündür.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR