Aprelin 3-də – Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 20-ci ildönümündə nazirliyin inzibati binasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov demişdir ki, son illər göstərilən dövlət qayğısı nəticəsində nazirliyin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, əhaliyə göstərilən sosial xidmətlərin səviyyəsi yaxşılaşdırılmışdır. Bu gün muxtar respublikada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan insanların, o cümlədən əlillərin, şəhid ailələrinin, ahılların, habelə sağlamlıq imkanları məhdud uşaqların problemləri vaxtlı-vaxtında həll olunur. Yaradılan şəraitə və göstərilən dövlət qayğısına görə kollektiv adından minnətdarlıq edən Cavid Səfərov bundan sonra daha səylə çalışacaqlarını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır” fikrini xatırladaraq demişdir: “Ulu öndərimiz ölkəmizə rəhbərliyi dövründə sosial sahənin inkişafına xüsusi diqqət göstərmiş, insanların rifah halının yaxşılaşdırılması, onların hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu gün ümummilli liderimizin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də insan amilinə mühüm əhəmiyyət verilir, sosial qayğıya ehtiyacı olan vətəndaşlara hərtərəfli dövlət qayğısı göstərilir”.
Ali Məclisin Sədri demişdir: “20 il bundan əvvəl, 1993-cü il aprelin 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılmışdır. Ötən dövrdə nazirlik mühüm inkişaf yolu keçmiş, muxtar respublika əhalisinin rifah halının yüksəldilməsinə öz töhfəsini vermiş, sosial müdafiəyə ehtiyacı olan insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Hazırda nazirliyin tabeliyində 28 qurum fəaliyyət göstərir. Nazirliyin aparatında və onun tabeliyində olan qurumlarda çalışan 410 nəfər tərəfindən muxtar respublika üzrə 26 minə yaxın sosial qayğıya ehtiyacı olan vətəndaşa müxtəlif növ xidmətlər göstərilir. Fəaliyyəti dövründə nazirliyin əhatə etdiyi sahələr üzrə sosial qayğıya ehtiyacı olan 319 nəfərə xidməti avtomobil, 188 sağlamlığını itirmiş vətəndaşımıza mənzil və fərdi yaşayış evləri verilmiş, 127 nəfər müalicə üçün xarici ölkələrə göndərilmişdir. Bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısı bundan sonra da davam etdiriləcəkdir”.
“Nazirlik və onun müvafiq qurumları muxtar respublikamızda əmək təhlükəsizliyini təmin etməklə bərabər, sosial qayğıya ehtiyacı olan insanlarımızın problemlərinin həllinə də diqqətlə yanaşmalıdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, ölkəmizdə əhalinin sosial müdafiəsi məsələlərini tənzimləyən 15-ə yaxın qanun və digər normativ aktlar qəbul olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz fəaliyyətini mövcud qanunvericilik bazasına uyğun qurmalı, muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilməlidir. Nazirlik və onun müvafiq qurumları yaradılan şəraitdən səmərəli istifadə edərək muxtar respublika sakinlərinin əmək təhlükəsizliyinin qorunmasına və sosial müdafiəsinin gücləndirilməsinə öz töhfələrini verməlidirlər.
Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulamış, binanın açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, yenidənqurma işləri aparılarkən binaya bir mərtəbə əlavə edilmiş, qapı və pəncərələr, otaqların və dəhlizlərin döşəməsi dəyişdirilmiş, müasir işıqlandırma və istilik sistemləri qurulmuşdur. Hazırda 5 mərtəbədən ibarət olan binada 76 iş otağı, laboratoriya, iclas zalları, 5 arxiv və yardımçı otaqlar vardır. Otaqlara kompyuter dəstləri və iş ləvazimatları qoyulmuşdur. Burada Dövlət Məşğulluq Xidmətinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Dövlət Sosial Təminat Xidmətinin, Naxçıvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin laboratoriyasına baxış zamanı qeyd olunmuşdur ki, bu gün muxtar respublikada insanların təhlükəsiz iş şəraitində fəaliyyət göstərməsi diqqət mərkəzində saxlanılır. Laboratoriyadakı səyyar avadanlıqlar emal və tikinti sahələrində çalışan insanların sağlamlığına mənfi təsir göstərən amillərin vaxtında müəyyənləşdirilərək aradan qaldırılması, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu avadanlıqlar vasitəsilə kimyəvi məhsulların istehsalı və istifadəsi zamanı müəssisələrdə müxtəlif qazların, qapalı müəssisələrdə hərarətin və rütubətin, açıq hava şəraitində ultrabənövşəyi şüaların səviyyəsini ölçmək mümkündür.
Nazirliyin iclas zalında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində xüsusi proqram təminatı əsasında yaradılan audio və elektron kitabxana sisteminin təqdimatı olmuşdur. Sistemin fəaliyyəti barədə məlumat verən Naxçıvan Muxtar Respublikası rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirmişdir ki, sistem mərkəzi avtomat telefon stansiyalarına qoşulmuşdur. İstifadəçilər qeydiyyatdan keçdikdən sonra sabit telefonlardan “258” nömrəsinə zəng edərək bu xidmətdən istifadə edə biləcəklər. Həmçinin Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının internet saytında yaradılan xüsusi bölmə vasitəsilə də audio kitabları dinləmək mümkündür. Ölkəmizdə ilk dəfə tətbiq olunan audio kitabxana sistemində 429 görmə qabiliyyəti məhdud şəxs qeydiyyatdan keçib. Eyni zamanda 30 nəfərin istifadə edə biləcəyi kitabxana sistemində 567 audio kitab vardır. Eşitmə qabiliyyəti məhdud insanlar isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan elektron kitabxanadan istifadə edə bilərlər. Hazırda elektron kitabxananın bazasında 246 kitab vardır.
Binaya baxışdan sonra nazirliyin kollektivi ilə görüşən Ali Məclisin Sədri muxtar respublikada insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların bundan sonra da davam etdiriləcəyini bildirmiş, sosial qayğıya ehtiyacı olan vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Aparılan yenidənqurma işləri zamanı binanın ətrafı da abadlaşdırılmış, gülkarlıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti