Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Fransanın “ASTRİUM” şirkətinin prezidenti və baş direktoru Fransua Oku, “European Aeronautic Defence and Space” şirkətinin beynəlxalq məsələlər üzrə direktoru Jan-Pyer Talimonini qəbul etmişdir.
Görüşdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını tarixi hadisə kimi qiymətləndirdi və Fransa hökumətinin ölkəmizin kosmos proqramlarının həyata keçirilməsinə bundan sonra da dəstək verəcəyini vurğuladı.
Fransanın “ASTRİUM” şirkətinin prezidenti və baş direktoru Fransua Ok rəhbərlik etdiyi şirkətin bu sahədə Avropanın ən böyük şirkətlərindən biri olduğunu vurğulayaraq şirkətin həyata keçirdiyi layihələr barədə dövlətimizin başçısına məlumat verdi.
Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını kosmos sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirən dövlətimizin başçısı göstərilən dəstəyə görə təşəkkürünü bildirdi. Fransanın bir çox sahələrdə ölkəmizin əsas tərəfdaşlarından biri olduğunu vurğulayan Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və kosmos texnologiyası sahəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
* * *
Aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda səfərdə olmuşdur.Dövlətimizin başçısı əvvəlcə Hacıqabul şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu. Sonra Prezident İlham Əliyev yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu, Hacıqabulun mərkəzindəki Heydər Əliyev Parkını gəzdi.
Hacıqabula səfəri çərçivəsində Prezident İlham Əliyev rayonun Rəncbər-Qubalı Baloğlan–“Pir Hüseyn” Xanəgahı avtomobil yolunun açılış mərasimində iştirak etdi.
Sonra Prezident İlham Əliyev Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi mərasimində iştirak etdi, Daxili Qoşunların “N” saylı hərbi hissəsində aparılan yenidənqurma işləri ilə tanış oldu.
AzərTAc