Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə sosial qayğıya ehtiyacı olan vətəndaşlara daim diqqət göstərmiş, bu təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Ulu öndərin siyasi xəttinin uğurla davam etdirildiyi Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında insanların sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.
Mayın 6-da Naxçıvan şəhərində 10 nəfər Azərbaycan Vətən müharibəsi iştirakçısına, 15 nəfər 1941-1945-ci illər müharibəsi veteranına, müharibə əlillərinə bərabər tutulan 2 nəfərə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 3 nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim edilmişdir.
Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov demişdir ki, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı sakinlərin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur. Bu gün muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir, bu təbəqədən olan insanlar fərdi yaşayış evləri və minik avtomobilləri ilə təmin edilirlər. Cavid Səfərov yeni avtomobillərin təqdimatını muxtar respublikada insan amilinin yüksək qiymətləndirilməsinin daha bir ifadəsi kimi dəyərləndirmiş, göstərilən qayğıya görə müharibə iştirakçıları və sağlamlıq imkanları məhdud şəxslər adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasim iştirakçılarını salamlamış, yeni avtomobillərlə təmin olunanları təbrik edərək demişdir: “Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün sahələr inkişaf etdirilir, insanların sosial rifah halı yaxşılaşdırılır. Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza, sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısının artmasına səbəb olmuşdur”.
“Hər bir ölkənin sosial siyasətinin əsasında vətəndaşlara göstərilən qayğı dayanır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün Azərbaycanda insanlara qayğı həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Vətən yolunda sağlamlığını itirmiş şəxslərə dövlət qayğısının artırılması da mühüm əhəmiyyət kəsb edir. Çünki torpaqlarımızın müdafiəsi zamanı sağlamlığını itirmiş şəxslər, müharibə veteranları digər vətəndaşlarımıza, xüsusən də gənclərimizə nümunədir. İstər Böyük Vətən müharibəsində və Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, istərsə də müstəqillik qazandıqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində sağlamlığını itirmiş şəxslər, ümumilikdə, ölkəmizi qorumuş, bu yolda öz sağlamlıqlarını qurban vermişlər. Ona görə də ölkəmizdə, eləcə də muxtar respublikada bu kateqoriyadan olan insanlara yüksək dövlət qayğısı göstərilir. Bütün bunlar isə ulu öndərimiz tərəfindən əsası qoyulan sosial siyasət xəttinin bəhrələridir.
Ali Məclisin Sədri demişdir: “Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilən siyasi xətt ölkəmizi yeni inkişaf mərhələsinə çıxarmış, Azərbaycanın hərtərəfli inkişafını təmin etmişdir. Bu gün ölkəmizdə xalq-dövlət birliyi mövcuddur. Bu birlik də Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutmasında, insanların rifah halının daha da yaxşılaşdırılmasında başlıca hərəkətverici qüvvədir”.
Ali Məclisin Sədri təqdimat mərasiminin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi və 9 May Qələbə bayramı ərəfəsində keçirildiyini bildirmiş, bu münasibətlə bütün veteranları təbrik etmişdir.
Avtomobillərin açarlarını təqdim edən Ali Məclisin Sədri yeni avtomobillərlə təmin olunanlara firavan həyat və xoş günlər arzulamışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti