Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur.
Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, Azərbaycanın maddi mədəniyyət abidələrindən olan XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun Dünya irsinin ilkin siyahısına daxil edilmiş Atəşgah məbədi 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Atəşgah məbədində görülən işlərlə tanış oldular.
Diqqətə çatdırıldı ki, XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansara tikilmişdir. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli almışdır.
Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 29-da Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağında, yerüstü park, bağ və fəvvarələr kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşlar.
AzərTAc