Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vasif Məmmədov məlumat vermişdir ki, muxtar respublikada əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar-sənaye kompleksinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, kənd təsərrüfatının inkişafı və torpaq mülkiyyətçilərinə yüksək xidmət göstərmək üçün əlverişli şərait yaradılır. Ötən dövr ərzində muxtar respublikaya cəmiyyətin xətti ilə 995 texnika gətirilmiş, onlardan 696-sı lizinq yolu ilə sahibkarlara satılmışdır. Bu da aqrotexniki qaydaların müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, əl əməyinin yüngülləşdirilməsinə və bol məhsul istehsalına zəmin yaratmışdır. Hazırda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində aqrar sahədə fəaliyyət göstərən sahibkarların, fermerlərin, kənd əməkçilərinin sifarişləri əsasında 20-dən artıq müxtəlif xidmətlər yerinə yetirilir.
Baxış zamanı bildirilmişdir ki, sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən kənd təsərrüfatı texnikaları iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda alınmış texnika və avadanlıqlar dəyərinin 10 faizi əvvəlcədən, qalan hissəsi isə növbəti 9 il müddətinə ödənilmək şərtilə satılır. 2013-cü ildə 116 ədəd müasir kənd təsərrüfatı texnikası alınmışdır. Bu günə qədər alınan texnikalardan 55-nin lizinq yolu ilə satışı həyata keçirilmişdir. Baxış keçirilən Çin və İtaliya istehsalı olan 18 traktor, Finlandiya istehsalı olan “Sampo” markalı kombayn müasir tələblər səviyyəsindədir. Türkiyə istehsalı olan 6 dəst kartofəkən və kartofçıxaran, 2 ədəd çizel, 4 çiləyici və 20 kotan, yoncasəpən, taxılsəpənlər, taxıltəmizləyənlər, qaba yemdoğrayan maşınlar, 16 kipvuran və 10 dırmıq, 5 diskli otbiçən, 2 lafet, 5 torpaqyumşaldan və 5 moraaçan da kənd təsərrüfatı işlərinin görülməsində istifadə olunacaqdır.
Baxış zamanı qeyd olunmuşdur ki, bu gün muxtar respublikanın əkin sahələrində aqrotexniki tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır, taxıl və digər kənd təsərrüfatı bitkilərinin əkildiyi sahələrdə alaq otlarına və gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır. Bu il cəmiyyət tərəfindən kifayət qədər herbisid və sink-fosfid preparatı alınaraq muxtar respublikaya gətirilmişdir.
Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin təmir sexinə, gübrə və ehtiyat hissələr anbarlarına baxmışdır.
Məlumat verilmişdir ki, taxıl istehsalının artırılması üçün torpaqların gübrəyə olan tələbatının ödənilməsi vacib məsələlərdəndir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya gətirilən gübrələr 50 faiz güzəştlə torpaq mülkiyyətçilərinə verilir. Haliyədə anbarlarda 2780 ton azot və 300 ton fosfor gübrəsi vardır.
Ali Məclisin Sədri tələbata uyğun olaraq, yeni kənd təsərrüfatı texnikalarının və damazlıq mal-qaranın alınaraq muxtar respublikaya gətirilməsi və lizinq yolu ilə satışının həyata keçirilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti