Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Arpaçay Su Elektrik Stansiyasına baxmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov bildirmişdir ki, tikintisinə 2011-ci ilin fevral ayından başlanılan Arpaçay Su Elektrik Stansiyasında 3 turbin və 3 generator quraşdırılmış, stansiya binasının tikintisi başa çatdırılmışdır. Ərazidə yeni elektrik yarımstansiyası qurulmuş, istehsal olunan elektrik enerjisinin şəbəkəyə ötürülməsi məqsədilə 14 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir. Arpaçay Su Anbarından stansiyaya qədər 1100 metr uzunluğunda tunel çəkilmiş, 45 metr dərinliyində havaboşaldıcı və su anbarından tunelə suyun ötürülməsi məqsədilə suötürücü dəmir-beton qurğu inşa edilmişdir.
İdarəetmə otağına baxış zamanı məlumat verilmişdir ki, elektrik stansiyasının gücü 20,5 meqavat, illik istehsalı isə 60 milyon kilovat-saatdır. Hazırda elektrik stansiyası 17 meqavat güc ilə sınaq rejimində işləyir. İdarəetmə otağında quraşdırılan müasir avadanlıqlar və kompyuter dəstləri stansiyanın iş rejimini daimi nəzarətdə saxlamağa imkan verir.
Ali Məclisin Sədri stansiyada son tamamlama işlərinin həyata keçirilməsi ilə əlaqədar tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti