Aprelin 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində çıxış edərək demişdir: “Yaradıcı əməyi və böyük xidmətləri ilə Azərbaycan elminin və səhiyyəsinin tarixində silinməz izlər qoyan görkəmli alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyini qeyd edirik. Akademik Zərifə xanım Əliyevanın alim, həkim, pedaqoq və insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu nəsillərə mənəviyyat məktəbidir. Bu məktəb özünün ən layiqli qiymətini akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin 2013-cü il 7 fevral tarixli Sərəncamında tapmışdır. Həmin Sərəncamda qeyd olunur ki: “Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir”.
Ali Məclisin Sədri demişdir: “Bu böyük şəxsiyyətin keçdiyi həyat yoluna nəzər salarkən aydın görmək mümkündür ki, elmi tədqiqatların bacarıqlı təşkilatçılığı, dərin elmi düşüncə və parlaq pedaqoji istedad onun şəxsində üzvi surətdə qovuşmuşdur. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, məşğul olduğu sahələrin hamısı Zərifə xanımın istedadı və fədakarlığı sayəsində aparıcı istiqamətə çevrilmiş və bir nümunə səviyyəsinə qalxmışdır. Bu gün istisnasız olaraq demək mümkündür ki, Zərifə xanım Əliyeva həm həkimliyin, həm alimliyin, həm pedaqoqluğun, bunlarla yanaşı isə həm də insanlığın ali zirvəsinə yüksəlmişdir. Bütün bunlar nəyin hesabına qazanılmışdır? Şübhəsiz ki, şəxsiyyətin bütövlüyü əsas məsələdir. Filosoflar böyük insanların həyatdakı missiyasını təhlil edərkən birmənalı olaraq həmişə şəxsiyyətin həyat yolunun başlanğıcına və sonuna diqqət çəkirlər. Zərifə xanımın həyat yolu işıqlı bir ailədən – böyük ziyalı və dövlət xadimi Əziz Əliyevin ailəsindən və işıqlı bir kənddən, ustad Cəlil Məmmədquluzadənin “Sahib – mənsəb ziyalıların məskəni” adlandırdığı Şahtaxtı kəndindən başlanmışdır. İstər dünyaya göz açdığı ailənin, istərsə də doğulduğu kəndin maarifçi mühitinin ənənələrindən faydalanan Zərifə xanım öz həyat yolunu insanlara işıq bəxş etmək kimi ali keyfiyyətlər üzərində qurmuşdur. 1942-ci ildə orta məktəbdə təhsilini başa vurduqdan sonra bu arzu onu Azərbaycan Dövlət Tibb İnstitutuna gətirmiş, 1947-ci ildə həmin institutu bitirib, Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçmişdir”.
“Zərifə xanımın oftalmologiya ixtisasını seçməsinin bir neçə səbəbi var. Onlardan birincisi, bu xeyirxah insanın həyatının fəlsəfəsindən – insanlara işıq, nur bəxş etmək missiyasından irəli gəlirdisə, ikincisi, həmin dövrdə Azərbaycanda oftalmologiyanın az inkişaf etməsindən qaynaqlanırdı. Nəhayət, ən ciddi səbəblərdən biri də İkinci Dünya müharibəsindən sonra keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda traxoma göz xəstəliyinin geniş yayılması idi”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, o zaman Azərbaycanda “Traxoma ilə mübarizə haqqında” qərar qəbul edilsə də, nəticə görünmürdü. Çünki bu xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi. Oftalmoloq həkimlər çatışmırdı. Belə bir şəraitdə kəskin gedişə malik xəstəlik kimi traxomaya qarşı mübarizə təkcə oftalmologiya elmi üçün yox, bütövlükdə dünya, o cümlədən Azərbaycan səhiyyəsi üçün də həyati əhəmiyyətə malik idi. Sənədlərdən məlum olur ki, ötən əsrin ortalarında dünyada 40 milyona yaxın insan traxoma tutmuş, onlardan 8 milyonu kor olmuşdu. Azərbaycanda da xəstəlik ocaqları genişlənir, ən çox uşaq müəssisələrini, məktəbləri əhatə edirdi. 1948-ci ildə Naxçıvan Muxtar Respublikasında 7 min nəfər traxomaya yoluxmuşdu. Onlardan 2 mindən çoxu uşaqlar idi. Yaşlıları, o cümlədən uşaqları görmə qabiliyyətinin itirilməsi kimi əzablı xəstəlik gözləyirdi. Belə bir acınacaqlı vəziyyət tək Naxçıvan Muxtar Respublikasında yox, bütün Azərbaycanda ciddi həyəcan siqnalının çalınmasına əsas yaratmışdı.
Qeyd olunmuşdur ki, Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini başa vuran gənc Zərifə xanım 1949-cu ildə Naxçıvanda traxomaya qarşı mübarizəyə həsr edilmiş səyyar seminarlarda iştirak etmiş, bu sahədə əldə etdiyi elmi və praktik nailiyyətlərin tətbiqinə nail olmuşdu. Beləliklə, Zərifə xanım Əliyevanın istər həkim kimi, istərsə də alim kimi elmi fəaliyyətinin əsasını həyat özü müəyyənləşdirmiş, o, traxomanın müalicəsi ilə bağlı məsələlərə, bu xəstəliyin müalicəsində və ağırlaşdırıcı hallarda daha təsirli vasitələrin öyrənilməsinə dair geniş elmi-tədqiqat işləri aparmışdı. Gənc alim 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Həmin illərdə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Zərifə xanım 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur. Bu dövrdə onun fəaliyyəti bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edirdi. O, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır, bununla yanaşı, elmi-tədqiqat işlərini də davam etdirir, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi olan görmə orqanlarının patologiyası üzrə tədqiqatlar üzərində işləyirdi.
Bu sahədə çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdi. Alim-oftalmoloqların yüksək qiymətini almış dissertasiya işi oftalmologiyanın bu sahəsində o zamankı Sovetlər Birliyi məkanında ilk işlərdən idi. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmiş və o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmiş, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur. Elə ilk gündən Zərifə xanım ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bilmişdi. 1977-ci ildə professor Zərifə xanım Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdi. Bakıda ilk dəfə keçirilən bu tədbir həm Azərbaycanda, həm də keçmiş ittifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynamışdır.
Çətinliklərdən qorxmayan, hər zaman ən mürəkkəb problemlərin həllinə cəhd göstərən görkəmli alim tədqiqatlarını rahat kabinetlərdə aparmırdı. O, Azərbaycanın rayonlarını kəndbəkənd gəzir, insanları maarifləndirirdi. O vaxtlar Zərifə xanım Əliyevaya dünya şöhrəti gətirən görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyası elmi-tədqiqat institutunda yox, məhz istehsalat müəssisəsində – Bakı Məişət Kondisionerləri Zavodunda yaradılmışdı. Bütün Sovetlər Birliyində “unikal elmi müəssisə” adlandırılan bu laboratoriyada müxtəlif kimyəvi amillərin təsiri şəraitində çalışanların klinik-fizioloji və morfo-histokimyəvi xarakteristikasına dair ilk tədqiqatlar həyata keçirilmiş, ciddi elmi nəticələr alınmışdı. Peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinə həsr olunmuş bu cür tədqiqatlar Zərifə xanıma böyük elmi şöhrət qazandırmışdır. Bu tədqiqatlar ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, ölkənin tərəqqisi naminə sənayenin inkişaf mərhələsinə yüksəldiyi bir vaxtda aparılmış, yeni istifadəyə verilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin tibbi müdafiəsinə, onların peşə xəstəlikləri probleminin həllinə yönəldilmişdi. Bu, o zamankı elmi mühitdə tamamilə yeni bir istiqamət idi. Zərifə xanım Əliyeva peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, bu yolla gedərək Azərbaycan elmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. O dövrdə ümumittifaq mükafatları müttəfiq respublikalardan olan alimlərə tək-tək hallarda verilirdi. Amma peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə, Zərifə xanım Əliyeva keçmiş Sovetlər Birliyinin oftalmologiya sahəsində ən yüksək mükafatına – SSRİ Tibb Elmləri Akademiyasının Averbax adına mükafatına layiq görülmüşdü. Zərifə xanım Əliyeva bu nüfuzlu mükafatla təltif edilən ilk qadın alim idi. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.
Ali Məclisin Sədri demişdir: “Peşə oftalmologiyası Zərifə xanımın yol açdığı yeganə elmi istiqamət deyildi. O həm də o zaman ölkədə qəbul edilməyən alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi araşdıran ilk tədqiqatçı və “İridodiaqnostikanın əsasları” adlı fundamental elmi əsərin müəlliflərindən biri idi. Həmin dövrdə mövcud olan ideoloji maneələrə baxmayaraq, Zərifə xanımın səyi nəticəsində nəşr olunmuş bu kitab bu gün də həkimlərin iş təcrübəsində əvəzolunmaz elmi vəsaitdir. Zərifə xanım yaşadığı dövrün ideoloji çərçivələrini aşan başqa bir maraqlı sahəni də tədqiqat predmetinə çevirmiş, millətin sağlamlığı üçün əsrlər boyu formalaşmış milli dəyərlərin yaşadılması vacibliyinə diqqəti çəkərək demişdir: “Azərbaycan ədəbiyyatının qədim mənbələrindən olan, xalqımızın müdrikliyini özündə əks etdirən “Dədə Qorqud” eposunda gələcək nəsillər üçün çox xeyirli məsləhətlər toplanmışdır. Oxucu qarşısında hər səhifədə öz sağlamlığını necə qorumaq, əxlaqi təmizliyin və mənəvi sağlamlığın insan üçün nə qədər zəruri olması kimi qiymətli faktlar xəzinəsi açılır”.
Böyük alimə görə, həkimin borcu yer üzərində həyat uğrunda, insanın xoşbəxtliyi və səadəti naminə çalışmaqdır. Bu missiyanı əsas tutaraq o, tibb işçilərinin ətrafdakıların tərbiyəsində mühüm rol oynadığını, cəmiyyətin əxlaq etalonu ola biləcəyini qeyd edirdi. Hörmətli akademikimiz haqlı olaraq bildirirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir. Qeyd olunanlar göstərir ki, Zərifə xanım Əliyeva həkimlik praktikasını onun əxlaqi-fəlsəfi mahiyyəti ilə yanaşı tutur, Azərbaycanda yeni bir sahənin – həkim-xəstə münasibətlərinin də əsasını yaradır, həkim etikası və tibbi deontologiya məsələlərini ölkəmizdə ilk dəfə olaraq diqqət mərkəzinə çəkir, ictimai fikri insanın sağlamlığı ilə yanaşı, cəmiyyətin də sağlamlığı problemlərinə yönəldirdi”.
Ali Məclisin Sədri Hippokratın “Gözəl davranış haqqında” əsərində yazdığı “insana sevgi olan yerdə sənətə də məhəbbət vardır” fikrini xatırladaraq qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva həkim kimi təkcə Hippokratın andına yox, həm də onun qoyduğu əxlaqi dəyərlərə sadiq qalmış, bu təlimi yeni bir elmi istiqamət səviyyəsində davam etdirmişdir. Görkəmli səhiyyə təşkilatçısı tibbi təcrübədə belə bir əxlaqi prinsipdən çıxış edirdi ki, xəstəliyi müalicə etmək hələ son məqsəd deyil, həkimin başlıca məramı xəstəni şəxsiyyət kimi həyata qaytarmaqdır. Nümunəvi elmi və həkimlik fəaliyyəti ilə öz təcrübəsində tibbi deontologiyanın əsaslarını yaradan Zərifə xanım Əliyeva əsl həkim necə olmalıdır sualını belə cavablandırmışdır: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz durub soruşacaq: sənin ağ xalat geyməyə haqqın varmı?”
Qeyd olunmuşdur ki, akademik Zərifə xanım Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri və çıxışları, məhz bu məsələyə həsr olunmuş “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə xanımın – bu böyük alimin, həkimin, pedaqoqun, ictimai xadimin bütün həyatı və fəaliyyəti mənsub olduğu xalqa təmənnasız xidmət nümunəsidir. Onun Azərbaycan səhiyyəsi qarşısındakı xidmətlərini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəliklərdən xilas etsin, sağlamlaşdırsın”.
Ali Məclisin Sədri demişdir: “Zərifə xanım Əliyeva Azərbaycanda elə bir oftalmologiya məktəbi yaratmışdır ki, bu məktəb bu gün də öz mövqeyini və əhəmiyyətini itirməyən sahələrdən biri olaraq qalır. Zərifə xanımın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır. Böyük alimin bütün mənalı ömrü boyu yaratdığı, lakin heç yerdə çap olunmayan bir kitabı da var: bu, heç bir dərsliyə, yaxud monoqrafiyaya sığmayan Zərifə xanım Əliyevanın həyat kitabıdır. Bu kitaba nəzər saldıqda gözlərimiz önündə əsl İnsanın obrazı canlanır. Yüksək səviyyəli peşəkar həkim kimi insanların gözünə nur verib zülmətdən işığa, həyata qaytaran akademik Zərifə xanım Əliyeva həmişə himayəyə ehtiyacı olan tənha insanlara, kimsəsiz uşaqlara xüsusi qayğı ilə yanaşmışdır. Onun xatirəsini milyonlarla insanın yaddaşında böyük ehtiramla yaşadan cəhətlərdən biri də bu böyük şəxsiyyətə məxsus insani məhəbbət və şəfqətdir. Zərifə xanımın həyatda əsas amalı həkimlərimizi bilikli və peşəkar, millətimizi sağlam və gözü nurlu görmək idi. Onun zəngin elmi irsi, tədqiqatları, qazandığı nailiyyətlər, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifəsini təşkil edir. Xalqımızın yetişdirib dünya tibb elminə bəxş etdiyi görkəmli alimin və istedadlı həkimin şəxsiyyəti bu gün də – ölkəmizin müstəqillik şəraitində yaşadığı dövrdə də hər bir alimin və Hippokrat andını içmiş hər bir həkimin cəmiyyətdə oynamalı olduğu rola parlaq nümunədir”.
“Zərifə xanım əsl ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə qəlbdən bağlı olan insan idi. Ailə əsrlər boyu Azərbaycanda böyük mənəvi dayaq rolunu oynamışdır. Dəyanətli şəxsiyyət və dərin zəka sahibi olan Zərifə xanım ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi bu çətin, lakin şərəfli missiyanı da layiqincə yerinə yetirən, ulu öndərə etibarlı mənəvi dayaq olan Şəxsiyyət və Ana idi. Bir-birini heyrətamiz şəkildə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı müasir Azərbaycan cəmiyyəti üçün bir nümunə, milli dəyərlərimizə sədaqətin nadir örnəyidir”, – deyən Ali Məclisin Sədri qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya siyasətində öz nüfuzu və yeri olan İlham Əliyev kimi milli lider bəxş edən Ana kimi də unudulmazdır. Azərbaycan Prezidentinin ölkə səhiyyəsinə və elminə qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda gördüyü işlər, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət ulu öndərin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin parlaq təzahürüdür.
Ali Məclisin Sədri görkəmli alim, həkim, nurlu şəxsiyyət Zərifə xanım Əliyevanın işıqlı obrazının nəsillərin yaddaşında yüksək vətənpərvərlik və humanizm rəmzi kimi qalacağını bildirmiş, çıxışını ulu öndər Heydər Əliyevin “Ömür yoldaşım kimi, həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır” fikri ilə tamamlamışdır.
Sonra tədbirdə akademik Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər bədii qiraət olunmuş, Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Zirvələrə yüksələn zərif insan ömrü” televiziya filmi göstərilmişdir.
Tədbir iştirakçıları görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr olunmuş sərgiyə baxmışlar. Sərgidə görkəmli akademikin əsərləri, müxtəlif dövrlərdə onun haqqında yazılmış kitab, monoqrafiya və qəzet məqalələri, fotoşəkillər və rəsm əsərləri nümayiş olunmuşdur.
Yubiley tədbirinin sonunda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli şair-dramaturq İslam Səfərlinin “Göz həkimi” pyesi əsasında hazırlanmış tamaşa göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti