2013-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-dramaturq İslam Səfərlinin anadan olmasının 90 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2013-cü il yanvarın 18-də İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamış, ədibin yubileyinin qeyd olunması ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir.
Həmin Sərəncamda İslam Səfərlinin Azərbaycan ədəbiyyatının inkişafında oynadığı rol yüksək qiymətləndirilərək qeyd olunur ki, “17 yaşında ədəbi yaradıcılığa başlayan İslam Səfərli böyük bir yaradıcılıq yolu keçmiş, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında mühüm rol oynamışdır... İslam Səfərlinin müxtəlif vaxtlarda qələmə aldığı şeir və poemaları, dram əsərləri, oçerk, novella, libretto və kino ssenariləri, rus və türkdilli klassiklərin əsərlərindən etdiyi tərcümələr onu öz dövrünün böyük ədibi kimi məşhurlaşdırmışdır”.
Aprelin 15-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İslam Səfərlinin 90 illik yubileyi münasibətilə tədbir keçirilmiş, böyük ədibin “Göz həkimi” pyesi yeni quruluşda səhnəyə qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov böyük ədibin 90 illik yubiley tədbirində iştirak etmişdir.
İslam Səfərli yaradıcılığının tədqiqatçısı, akademik İsa Həbibbəyli ədibin həyat və yaradıcılıq yolu barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli öz yaradıcılığında ictimai lirikanı romantik pafosdan və tərənnümçülükdən xilas edərək ona səmimi, təbii duyğular bəxş etmiş, poeziyamızda Azərbaycançılığın əsasını qoymuşdur. Ədib öz əsərlərində sanki Azərbaycanın poetik xəritəsini çəkmiş, şeirlərində ölkəmizin əksər guşələrini vəsf etmişdir. O, Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq Naxçıvan silsiləsi yaratmış, bu mövzuda 30-dan artıq şeir yazmışdır. Qələmini bütün sahələrdə sınayan İslam Səfərlinin yaradıcılığında müharibə mövzusu da mühüm yer tutmuş, Vətən torpağının müdafiəsi onun əsərlərində təsirli poetik lövhələrlə verilmişdir.
Bildirilmişdir ki, İslam Səfərli Azərbaycanın zəngin poetik xəzinəsindən istifadə edərək nəğməkar şair kimi qələmini müxtəlif sahələrdə sınamış, yazdığı şeirlərə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnmişdir. O eyni zamanda Azərbaycan ədəbiyyatında görkəmli dramaturq kimi də tanınmışdır. XX əsrin ortalarında Azərbaycan dramaturgiyasında ictimai motivlərin, cəmiyyətdən gələn mövzuların içərisində mənəviyyat məsələlərini həll etməyə doğru addımların atıldığı bir vaxtda İslam Səfərli yazdığı dram əsərləri ilə haqqı, ədaləti ön plana çəkmiş, ədəbiyyatda sinfi mübarizəni mənəvi mübarizə ilə əvəz etmişdir. Böyük ustadın qələmə aldığı “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcında” və digər pyesləri Azərbaycan teatrının repertuarını yeni mövzularla zənginləşdirmişdir. Qeyd olunmuşdur ki, İslam Səfərlinin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı böyük söz ustadının yaradıcılığını yenidən Azərbaycanda ictimai və ədəbi mühitin işıqlı məcrasına çıxarmışdır.
Sonra İslam Səfərlinin “Göz həkimi” pyesi əsasında hazırlanmış tamaşa göstərilmişdir.
Tamaşada tibb elmi sahəsində qazanılan yenilikləri təkəbbürlə qarşılayan professor Şahbazov və bunun əksinə olaraq yeniliyi təmsil edən, sadə və təvazökar göz həkimi olan İradə obrazları özünəməxsus təbiiliklə canlandırılmışdır. Əsas süjet xəttinin qarşılıqlı münaqişə üzərində qurulması tamaşanın bədii gücünü daha da artırmışdır. Azərbaycan Respublikasının əməkdar artistləri Xəlil Hüseynovun, Bəhruz Haqverdiyevin, Yusif Allahverdiyevin, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Günay Qurbanovanın, aktyorlardan Zəminə Baxşəliyevanın, Nəsimi Məmmədzadənin, Nazlı Hüseynquliyevanın ifasında “Göz həkimi” əsərinin bədii-estetik qayəsi səhnədə öz dolğun əksini tapmış, İslam Səfərli yaradıcılığına xas olan haqqın və ədalətin mübarizəsi sonda qələbə çalmışdır.
Tamaşadan sonra səhnə arxasına keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Göz həkimi” pyesinin uğurla səhnəyə qoyulması münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik edərək demişdir: “Göz həkimi” tamaşasının muxtar respublikada görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və şair-dramaturq İslam Səfərlinin 90 illik yubileylərinin qeyd olunduğu bir gündə göstərilməsi mühüm əhəmiyyətə malikdir. Səhnə əsərində ötən əsrin 50-ci illərində geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan mübarizə əks olunmuşdur. Həmin dövrdə görkəmli akademik Zərifə xanım Əliyeva göz xəstəliklərinə qarşı öz nurlu peşəsi ilə mübarizə aparmışdırsa, şair-dramaturq İslam Səfərli bu peşənin vacibliyini öz qələmi ilə göstərmiş, yaradıcılığında bu məsələyə xüsusi yer vermişdir. Ədibin “Göz həkimi” əsərində peşəyə məhəbbət, bütün maneələrə baxmayaraq, öz peşəsini üstün tutan göz həkiminin apardığı mübarizə əks olunmuşdur. Bu cür dəyərli əsəri səhnələşdirmək üçün istedadlı rejissor, bacarıqlı kollektiv lazımdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi bu vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
Ali Məclisin Sədri bütün dövrlər üçün aktual olan “Göz həkimi” pyesinin Naxçıvan teatrının repertuarında daim qalacağını qeyd etmiş, uğurlu çıxışlara görə aktyorlara təşəkkürünü bildirmişdir.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Kamran Quliyev göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Sonda “Göz həkimi” tamaşasının yaradıcı kollektivi ilə xatirə şəkli çəkdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti