Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılan Babək rayonu son illər uğurlu inkişaf yolu keçmiş, ulu öndərin quruculuq xəttinin uğurla davam etdirilməsi rayonun sosial-iqtisadi inkişafında özünü qabarıq şəkildə göstərmiş, əhalinin rifah halı yaxşılaşmış, kəndlərdə yeni sosial obyektlər tikilərək istifadəyə verilmişdir. “Heydər Əliyev ili” olan 2013-cü ildə də Babək rayonunda quruculuq işləri aparılır, kəndlər müasir görkəm alır.
Aprelin 26-da Şəkərabad kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Şəkərabadda yeni kənd mərkəzinin açılışı olmuşdur
Muxtar respublikanın kənd yaşayış məntəqələrində idarəetmənin səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, aprelin 26-da Şəkərabad kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışında iştirak etmişdir.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev demişdir ki, muxtar respublikamız bu gün tarixinin inkişaf dövrünü yaşayır, şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən qurularaq müasir görkəm alır. Görülən işlər Babək rayonunda da uğurla davam etdirilir. Bu gün Şəkərabadda kənd mərkəzinin istifadəyə verilməsi, məktəb binasının yenidən qurulması, dövlət qurumlarının fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması sakinlərin böyük sevincinə səbəb olmuşdur. Kənd sakinləri, əsasən, əkinçiliklə məşğul olurlar. Torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 260 hektar sahədə əkin aparmışlar. Göstərilən diqqət və qayğının müqabilində bundan sonra daha səylə çalışacaqlarını qeyd edən Elçin Hüseynəliyev Şəkərabad kəndində yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, Şəkərabad kəndində yeni obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Muxtar respublikamızın kəndlərində dövlət qurumlarının fəaliyyətinin gücləndirilməsinə, idarəetmənin səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, 2005-ci ildə Şəkərabad kəndində inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmışdır. Ötən müddətdə kənddə digər dövlət qurumlarının və xidmət təşkilatlarının da fəaliyyəti təmin olunmuş, kəndin inkişafı istiqamətində ardıcıl işlər görülmüşdür. Həyata keçirilən tədbirlər nəticəsində Şəkərabad kəndində yeni iş yerləri açılmış, sakinlərin rahat yaşayışı təmin edilmişdir”.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərindən Şəkərabad kəndinə də pay düşmüş, kənd tamamilə abadlaşdırılmış, yeni kənd mərkəzi tikilmişdir. Kənd mərkəzində Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, kənd bələdiyyəsinin, feldşer-mama, polis sahə və baytarlıq məntəqələrinin fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. İdarəetmə strukturlarının və xidmət təşkilatlarının kənd mərkəzində fəaliyyət göstərməsi sakinlərin müraciətlərinin vaxtlı-vaxtında və vahid mərkəzdən həll edilməsinə imkan verəcəkdir”.
“Bu il ölkəmizdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi qeyd olunur. Ulu öndər tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf xətti ölkəmizin bugünkü yüksəlişinin əsas hərəkətverici qüvvəsidir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, dahi şəxsiyyətin siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxarmışdır. Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi nəticəsində sosial-iqtisadi inkişafa nail olunmuş, əhalinin yaşayış səviyyəsi yüksəlmişdir. Bu gün Naxçıvan şəhərində, rayon mərkəzində və kəndlərdə kompleks quruculuq işləri aparılır. Babək rayonunun Şəkərabad kəndində yeni binaların istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı, ümummilli lider Heydər Əliyev siyasi xəttinin əyani ifadəsidir.
Ali Məclisin Sədri kənd mərkəzində dövlət qurumlarının fəaliyyətinin səmərəli təşkil olunacağına əminliyini bildirmiş, kollektivlərə fəaliyyətində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Müasir standartlara uyğun inşa edilən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Mərkəzdə rabitə evi, feldşer-mama məntəqəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi, 60 yerlik iclas zalı və kitabxana vardır. Bildirilmişdir ki, bu gün muxtar respublikada kənd kitabxanalarının fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Yeddi mindən artıq kitab fondu olan kitabxanada oxucular üçün lazımi şərait yaradılmış, kompyuter quraşdırılmışdır.
Əhalinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatında heyvandarlığın xüsusi yeri vardır. Sağlam heyvandarlıq məhsullarının istehsalı isə baytarlıq xidmətinin düzgün təşkilindən asılıdır. Kənd mərkəzində Yarımca, Şəkərabad, Hacıvar və Badaşqan kəndlərini əhatə edən baytarlıq məntəqəsi üçün də iş otağı ayrılmış, məntəqə müvafiq dərman preparatları və lazımi avadanlıqlarla təchiz olunmuşdur. Binada Yeni Azərbaycan Partiyası Şəkərabad kənd ərazi ilk təşkilatının fəaliyyəti üçün də ayrıca iş otağı ayrılmışdır.
Rabitə evində yeni quraşdırılmış 576 nömrəlik ATS Şəkərabad, Badaşqan və Hacıvar kəndlərində 473 abonentə xidmət göstərir. Burada əhaliyə göstərilən poçt və rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün lazımi şərait yaradılmış, kompyuter qoyulmuş, gündəlik mətbuatın, internet və danışıq kartlarının satışı təşkil olunmuşdur.
Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılmış, məntəqəyə müayinə və müalicə avadanlıqları, dərman preparatları qoyulmuşdur. Bildirilmişdir ki, muxtar respublikamızda həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən birini səhiyyə islahatları təşkil edir. Kəndlərimizdə səhiyyə ocaqlarının fəaliyyəti üçün lazımi şəraitin yaradılması həmin ərazidə yaşayan əhalinin sağlamlığının qorunması, hamilə qadınlara patronaj xidmətinin və səhiyyə maarifi işinin təşkili baxımından mühüm əhəmiyyət kəsb edir. Məntəqədə yaradılan şərait bu tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsinə imkan verəcəkdir.
Kənd mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri hər bir ölkənin inkişafının kəndlərdən başladığını bildirərək demişdir ki, Şəkərabad kəndində aparılan quruculuq işləri muxtar respublikanın inkişaf modelini özündə əks etdirir. Kəndin müasirləşməsi, infrastrukturun yenilənməsi, ilk növbədə, sakinlərin rahatlığına xidmət edəcəkdir. Sakinlər də yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənləri, qurulanları qorumalıdırlar.
Kənd mərkəzində fərdi qazanxana quraşdırılmış, binanın həyətində abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti