Mayın 4-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnirin açılış mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Beynəlxalq turnirdə Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev çıxış edərək demişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilir. Digər idman növləri ilə yanaşı, güləşin inkişafı istiqamətində də ardıcıl layihələr həyata keçirilir, bu idman növünün maddi-texniki bazası gücləndirilir. London Yay Olimpiya Oyunlarında güləşçilərimizin 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanması da güləşin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Namiq Əliyev yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turniri ölkəmizin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnirə start verilməsi münasibətilə iştirakçıları salamlamış, idmançılara uğurlar arzulayaraq demişdir: “Azərbaycanda tarixən qədim idman növü olan güləşə böyük maraq olmuşdur. Bu idman növünün elementləri Qobustan qayaüstü rəsmlərində və digər ədəbi-tarixi mənbələrdə öz əksini tapmışdır. Azərbaycanda qədim dövrlərdən populyar idman növü olan güləşin müasir şəraitdə inkişafını yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycanda güləş milli və ən məşhur idman növüdür. Bütün dövrlərdə bizim çox məşhur güləşçilərimiz olmuşdur”.
Qeyd olunmuşdur ki, ölkəmizdə güləş idman növünün inkişaf etdirilməsi bir tərəfdən milli irsimizə və ənənələrimizə bağlılıqdan irəli gəlirsə, digər tərəfdən bu, ölkə Prezidentinin himayəsi ilə yaradılmış güclü maddi-texniki baza və idmana göstərilən yüksək dövlət qayğısı ilə əlaqədardır. Buna görə də Azərbaycan güləşçiləri olimpiya oyunlarında, beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında böyük uğurlar qazanırlar.
“Naxçıvan Muxtar Respublikasında da gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanır. Bu məqsədlə kompleks tədbirlər həyata keçirilir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikada 2 Olimpiya İdman Kompleksi və yüzlərlə digər idman obyektlərinin fəaliyyətləri ilə bərabər, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması, idman sahəsində maarifləndirmə işlərinin aparılması gənclərin idmana olan marağının artmasına, istedadlı idmançıların yetişməsinə səbəb olmuşdur. İstər müasir idman infrastrukturunun, istərsə də perspektivli idmançıların mövcudluğu muxtar respublikada beynəlxalq turnirlərin, mötəbər idman yarışlarının keçirilməsinə stimul vermişdir. Artıq Naxçıvanda digər idman növləri ilə yanaşı, güləş üzrə də beynəlxalq yarışlar və turnirlər təşkil olunur.
Ali Məclisin Sədri demişdir: “Bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biri olan idmanın əsasında sağlam mübarizə dayanır. Mübarizə isə iradə, cəsarət və fiziki hazırlıq tələb edir. Hər bir idmançı qələbəyə gedən yolun bu 3 amildən asılı olduğunu unutmamalı, daim özünü fiziki cəhətdən hazırlamalı, yarışlarda əsl mübarizlik göstərməlidir”.
Yarışların fəal idman mübarizəsi şəraitində keçəcəyinə, idmançıların yüksək əzmkarlıq nümayiş etdirərək öz ölkələrini layiqincə təmsil edəcəklərinə əminliyini bildirən Ali Məclisin Sədri yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnirin təşkilatçılarına təşəkkürünü bildirmiş və turniri açıq elan etmişdir.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Beynəlxalq Güləş Federasiyası icraiyyə komitəsinin üzvü Namiq Əliyev güləşin inkişafındakı xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova Beynəlxalq Güləş Federasiyasının qızıl medalını və fəxri diplomunu təqdim etmişdir.
Açılış mərasimində “Ümummilli lider Heydər Əliyev və Azərbaycan idmanı” adlı televiziya filmi nümayiş etdirilmiş, beynəlxalq turnirə həsr edilmiş konsert proqramı olmuşdur. Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Şərur Xalq Yallı Ansamblının, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımovun və Nigar Camalın çıxışları alqışlarla qarşılanmışdır.
Beynəlxalq turnirin rəsmi hissəsinin açılışından sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın güləş üzrə olimpiya çempionları ilə görüşmüş, onlarla xatirə şəkli çəkdirmişdir.
Yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnir “A” və “B” yarımqruplarında komanda sistemi üzrə keçirilir. Turnirdə 5 xarici ölkədən – Türkiyə, Özbəkistan, Ukrayna, Rusiya, Gürcüstan, eləcə də Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasından olan 64 idmançı 8 çəki dərəcəsində mübarizə aparacaqdır. Yarışları iştirakçı ölkələri təmsil edən 12 hakim idarə edəcəkdir. İki gün davam edəcək turnirin qrup görüşlərinin qalibləri finalda qarşılaşacaqlar.
Həmin gün İlham Əliyev adına Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnirin görüşlərinə start verilmişdir.
Beynəlxalq turnirin gedişi “İdman Azərbaycan” televiziya kanalı və Naxçıvan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti