Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Andris Berzinşin aprelin 24-də rəsmi qarşılanma mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Andris Berzinşi qarşıladı.
Aprelin 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Yüksək səviyyəli səfərlərin Azərbaycan ilə Latviya arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Andris Berzinşin mətbuat konfransı olmuşdur. Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər. Sonra Azərbaycan və Latviya prezidentləri jurnalistlərin suallarını cavablandırdılar.
AzərTAc