Mayın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına gəlmişdir.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev aparılan yenidənqurma işləri barədə Ali Məclisin Sədrinə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, ümumi ərazisi 61 min kvadratmetrə yaxın olan park və təlim mərkəzində Mülki Müdafiə Alayının xüsusi təyinatlı texnikalarının və avtomobillərinin saxlanılması, təlimata uyğun istifadə və istismarı, eləcə də onlara gündəlik texniki xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılmışdır. Avtomobil parkının tərkibinə 2 texniki boks, qarovul evi, yanacaqdoldurma, yuma, texniki nəzarət, texniki xidmət və təmir məntəqələri, eləcə də akkumulyator sexi daxildir. Bokslarda 36 xüsusi təyinatlı texnika və avtomobil saxlamaq mümkündür.
Təlim mərkəzinin tərkibinə maneələr zolağı, alpinist və pirotexnika şəhərciyi, kimya şəhərciyi, Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji bölməsi üçün təlim yeri və vertolyot meydançası daxildir. Təlim sahələrində əyani vasitələr və təşviqat materialları qoyulmuşdur. Alpinist və pirotexnika şəhərciyində şəxsi heyətə yüksək mərtəbəli binalarda xilasetmə işlərinin aparılması, ərazilərdə partlamamış mərmilərin aşkarlanaraq məhv edilməsi kimi vərdişlər öyrədiləcəkdir. Kimya şəhərciyində isə əhalinin kütləvi qırğın silahlarından mühafizə tədbirləri, eləcə də radiasiya və kimyadan mühafizə bölüyünün əməli vərdişlərinin təkmilləşdirilməsi həyata keçiriləcəkdir. Təlim mərkəzində yaradılan vertolyot meydançası zərurət yarandıqda xilasedicilərin və humanitar yardımların fövqəladə hadisə rayonuna tez və operativ çatdırılmasına imkan verəcəkdir.
Bildirilmişdir ki, təlim mərkəzində yaradılan şərait fövqəladə hallar zamanı idarəetmə orqanlarının və xilasetmə qurumlarının birgə fəaliyyət imkanlarının qiymətləndirilməsi, komandir-rəhbər heyətinin tabelikdə olan qüvvə və vasitələrin idarə olunması sahəsində təcrübələrinin artırılması, şəxsi heyətə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə praktik bilik və bacarıqların aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ali Məclisin Sədri Mülki Müdafiə Alayının səfərbərlik ehtiyatları anbarına baxmışdır. Qeyd olunmuşdur ki, fövqəladə hallar zamanı insanların təhlükəsizliyinin qorunmasında və onların normal yaşayış şəraitinin təmin olunmasında səfərbərlik ehtiyatı anbarlarının əhəmiyyəti böyükdür. Hazırda Mülki Müdafiə Alayının bazasında səfərbərlik ehtiyatları, fərdi mühafizə vasitələri, digər avadanlıqlar və uzun müddətə hesablanmış ərzaq ehtiyatı vardır. Bu da baş verən hər hansı fövqəladə hallar zamanı insanların sağlamlığının qorunmasına və yaşayışın normal təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, təlim mərkəzində Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasındakı digər birləşmə və hissələri ilə birlikdə təlimlərinin keçirilməsi, şəxsi heyətin praktik bilik və bacarıqlarının artırılması barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti