Naxçıvan Muxtar Respublikasında vergi orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və müasirləşdirilməsi, əməkdaşlar üçün normal iş şəraitinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq, aprelin 11-də Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vergilər Nazirliyinin inzibati binasının yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu gün ölkəmizdə vergi siyasətinin həyata keçirilməsi üçün lazımi maddi-texniki və hüquqi baza yaradılmışdır. Dövlətimiz tərəfindən bu sahə ilə bağlı qəbul edilmiş qanunvericilik bazası vergi orqanlarının öz işlərini günün tələbləri səviyyəsində qurmasına imkan verir”.
“Vergi ödəmək şərəfli və məsuliyyətli işdir. Hər bir vətəndaş vergi ödəməklə ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikamızda dövlət vergi siyasətinin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, vergi orqanlarının fəaliyyətinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Ona görə də muxtar respublikanın vergi orqanlarında çalışanlar öz işlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, hüquqi və fiziki şəxslər tərəfindən vergilərin vaxtlı-vaxtında ödənilməsi, vergi ödəyicilərinə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və vətəndaşlar arasında maarifləndirmə işlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bu tədbirlərin həyata keçirilməsi üçün muxtar respublikamızda lazımi şərait yaradılmış, bu sahədə çalışanların əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələri yerinə yetirdiklərinə görə muxtar respublikanın vergi orqanlarının əməkdaşlarına təşəkkürünü bildirmiş, nazirliyin kollektivinə fəaliyyətlərində uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.
Baxış zamanı məlumat verilmişdir ki, yenidənqurma işləri aparılarkən binaya bir mərtəbə əlavə olunmuşdur. Hazırda 4 mərtəbədən ibarət olan binada 47 iş otağı, test mərkəzi, 62 yerlik iclas zalı, yeməkxana və arxivlər vardır. İş otaqlarında əsaslı təmir işləri aparılmış, qapılar və pəncərələr dəyişdirilmiş, otaqlara müasir mebel dəstləri və kompyuterlər qoyulmuşdur. Pilləkənlərə və dəhlizlərə muxtar respublikamızda istehsal olunmuş keyfiyyətli mərmər döşənmiş, müasir işıqlandırma, istilik və soyutma sistemləri quraşdırılmışdır.
Binanın foyesində elektron köşk və elanlar lövhəsi vardır. Nazirliyə müraciət edən vətəndaşlar elektron köşkdə qeydiyyatdan keçdikdən sonra vergi qanunvericiliyi haqqında məlumat ala və bu sahə ilə bağlı digər elektron xidmətlərdən istifadə edə bilərlər.
Test mərkəzində 16 müasir kompyuter dəsti və proyektor quraşdırılmış, fiberoptik xətt çəkilərək kompyuterlər internetə qoşulmuş, daxili şəbəkə yaradılmışdır. Binada növbəli iş rejimində işləyə bilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin server mərkəzi vardır. Yaradılan şərait vergi orqanlarına qulluğa qəbul imtahanlarının ikinci mərhələsinin, o cümlədən vergi orqanları əməkdaşlarının attestasiya və sınaq imtahanlarının mərkəzləşmiş qaydada keçirilməsinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov yaradılan şəraitə və göstərilən yüksək dövlət qayğısına görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri nazirliyin fəaliyyətinin daha da gücləndirilməsi, vergi orqanları əməkdaşları üçün hazırlıq kurslarının təşkili və vergi ödəyicilərinə normativ hüquqi aktların izah olunması barədə müvafiq tapşırıqlar vermişdir.
Binanın həyətində də abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmış, avtomobil dayanacağı yaradılmışdır.
* * *
Muxtar respublikamızda həyata keçirilən quruculuq işləri çərçivəsində bu il Naxçıvan şəhərində yeni uşaq bağçası və yaşayış binaları inşa ediləcəkdir.
Aprelin 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə və binaların layihəsinə baxmış, inşaat işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti