Martın 29-da Naxçıvan Biznes Mərkəzinin açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, milli memarlıq ənənələrinə uyğun olaraq inşa edilən mərkəz inzibati hissə və geniş sərgi salonundan ibarətdir. Sərgi salonunda müasir soyutma və istilik sistemləri qurulmuş, ayrı-ayrı pavilyonlar qoyulmuşdur. Binada müasir tərcümə avadanlıqları, proyektorlar və səsgücləndiricilər quraşdırılmışdır. Mərkəzin inzibati hissəsində geniş zal və iş otaqları vardır. Burada yaradılan şərait müxtəlif tədbirlərin, biznes-forumların, işgüzar görüş və konfransların keçirilməsinə imkan verəcəkdir. Həmçinin mərkəzdə yerli məhsulların tanıdılması və satışı da həyata keçiriləcəkdir.
Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsullarının, əl işlərinin və rəsm əsərlərinin sərgisinə baxış olmuşdur. Ali Məclisin Sədrinə muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri, yeni yaradılmış və yaradılması nəzərdə tutulan istehsal və xidmət sahələri barədə məlumat verilmişdir.
Sonra muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla işgüzar görüş keçirilmişdir.
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov demişdir ki, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası muxtar respublika iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynamış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni istehsal və xidmət sahələri yaradılmışdır. Təkcə 2012-ci ildə müxtəlif sahələri əhatə etməklə, 98 layihə üzrə istehsal və xidmət sahəsi yaradılmışdır. Hazırda 33 layihə üzrə istehsal və xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilir. Qeyd olunmuşdur ki, muxtar respublikada özəl sektorun inkişafı diqqət mərkəzində saxlanılır. Ötən il sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu tərəfindən 68 layihənin maliyyələşdirilməsinə 13 milyon 404 min manat vəsait sərf olunmuş, ölkə daxilində və xaricdə keçirilmiş 37 biznes-forum, konfrans, seminar və beynəlxalq sərgilərdə 173 sahibkarın iştirakı təmin edilmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalı yaradılmışdır.
Sahibkarlar Elçin Bağırov və Abbas Tağıyev çıxış edərək muxtar respublikada sahibkarlara göstərilən dövlət qayğısından danışmış, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görüşdə çıxış edərək demişdir: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf konsepsiyasının mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişafı ilə bağlıdır. İndi getdikcə daha aydın görünür ki, kiçik və orta sahibkarlığı inkişaf etdirmədən dayanıqlı inkişafı təmin etmək mümkün deyil. Bu amil əsas götürülərək Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq subyektlərinin inkişafı diqqət mərkəzində saxlanılır. Bu diqqət və qayğının tərkib hissəsi olaraq, hər il sahibkarlarla görüşlər keçirilir, ortaya çıxan problemlərin aradan qaldırılması və fəaliyyətin stimullaşdırılması üçün konkret tədbirlər görülür. Bu sahədə nailiyyətlərin əldə olunmasında qəbul olunmuş dövlət proqramlarının və digər normativ aktların xüsusi rolu vardır. On il bundan qabaq, 2003-cü il noyabrın 24-də hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman sahibkarlığın inkişafını həlli vacib olan məsələlər sırasına çəkmişdir”.
Ali Məclisin Sədri demişdir ki, ötən müddət ərzində ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın – xüsusi mülkiyyətin, kiçik və orta biznesin inkişafı istiqamətində geniş imkanlar yaradılmışdır. Sahibkarlığın inkişafı üçün maliyyə dəstəyinin ildən-ilə artırılmasının, əsassız yoxlamaların aradan qaldırılmasının, sahibkarlıq subyektlərinin qeydiyyatının və lisenziya sisteminin sadələşdirilərək “vahid pəncərə” prinsipi əsasında aparılmasının, kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxumla təmin edilməsinin, yanacaq və motor yağlarına görə subsidiyaların verilməsinin nəticəsidir ki, ötən il Ümumi Daxili Məhsulda özəl bölmənin payı 87 faizi ötmüşdür. Hazırda aqrar sektorda, sənaye, ticarət və nəqliyyat sahələrində qeyri-dövlət bölməsinin payı 85-99 faiz arasında dəyişir ki, bu da çox yüksək göstəricidir.
“Hər bir ölkənin və ya regionun inkişafı iki mühüm faktordan asılıdır. Onlardan birincisi enerji təhlükəsizliyidirsə, ikincisi ərzaq təhlükəsizliyidir”, – deyən Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunmasında dövlət sektoru aparıcı rol oynamışdırsa, ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas rol sahibkarlıq subyektlərinə aiddir. Hazırda muxtar respublikada 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu gün əldə edilmiş nəticələrə əsaslanaraq əminliklə söyləmək olar ki, sahibkarlığın inkişafı sahəsində muxtar respublikada əlverişli şərait mövcuddur. Lakin əldə olunmuş nailiyyətləri daha da artırmaq üçün istər sahibkarlıq subyektləri, istərsə də dövlət orqanları qarşısında mühüm vəzifələr dayanır.
Ali Məclisin Sədri demişdir: “Yerli istehsalın inkişaf etdirilməsi daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. Yeni yaradılmış müəssisələrin bir tərəfdən daxili tələbatın ödənilməsinə yönəldilməsi, digər tərəfdən isə məhsul istehsalında onların yerli xammaldan istifadə etmələri hazır məhsulun daha keyfiyyətli olmasına və ucuz qiymətə başa gəlməsinə imkan yaradır. Ona görə də İqtisadi İnkişaf Nazirliyi yerli xammala əsaslanan, əhali tələbatının dolğun şəkildə ödənilməsi imkanlarına malik olan istehsal sahələrinin yaradılması istiqamətindəki səylərini bundan sonra da artırmalıdır. İqtisadi və sosial inkişafın təmin olunmasında sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilməsinin əhəmiyyəti çoxdur. Ötən il muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin 19 milyon manatı fərdi sahibkarlığın inkişafına, 18 milyon manata yaxını isə özəl bölmədə yeni istehsal sahələrinin yaradılmasına yönəldilmişdir”.
Sahibkarlıq fəaliyyəti üçün təkcə ilkin kapital və ya maliyyə dəstəyi göstərilməsinin kifayət olmadığını bildirən Ali Məclisin Sədri demişdir ki, müvafiq sahə üzrə işin təşkili üçün beynəlxalq təcrübəyə əsaslanan biznes-planların tutulması da vacibdir. Bu baxımdan İqtisadi İnkişaf Nazirliyi sahibkarlıqla məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərə biznes-planlarının tərtibində müvafiq köməklik göstərməli, fiziki şəxslərin iqtisadi biliklərə yiyələnmələri üçün kurs və seminarların təşkilinə diqqəti artırmalıdır. Yerli istehsalçıların xarici ölkələrdəki mövcud təcrübəni mənimsəməsi, bu sahədəki ən son texnoloji nailiyyətlərlə tanış olması, eyni zamanda istehsal etdikləri məhsulların xaricdə təbliği və tanıdılması məqsədilə onların vaxtaşırı muxtar respublikadan kənarda təşkil olunan sərgi, biznes-forum və konfranslarda iştirakı diqqət mərkəzində saxlanmalıdır. Naxçıvan şəhərində yeni Biznes Mərkəzinin istifadəyə verilməsi gələcəkdə bu cür sərgi və biznes-forumların muxtar respublikamızda da yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradır. Bu imkandan səmərəli istifadə olunmalıdır.
Qeyd olunmuşdur ki, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və inkişafına təsir edən amillərdən biri də daxili bazarla yanaşı, xarici bazarlara da məhsul çıxarmaq imkanlarının mövcud olmasıdır. Bunun üçün məhsulun rəqabət qabiliyyətini artırmaq, keyfiyyət amilinə xüsusi diqqət yetirmək lazımdır. Ona görə də yeni istehsal müəssisələri yaradılarkən İqtisadi İnkişaf Nazirliyi tərəfindən ən müasir texnoloji nailiyyətlərə əsaslanan sahələrə üstünlük verilməli, ixracyönümlü məhsul istehsalının təşviqi üçün konkret addımlar atılmalıdır. Eyni zamanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehsal müəssisələrində müəyyən edilmiş standart və normativlərə sahibkarlıq subyektləri tərəfindən əməl olunmasına nəzarət etməli, keyfiyyətsiz məhsul istehsalına yol verməməlidir.
Ərzaq təhlükəsizliyi təkcə məhsul bolluğunu yox, eyni zamanda insanların keyfiyyətli məhsulla təminatını da nəzərdə tutur. Ali Məclisin Sədri Səhiyyə Nazirliyinə və Dövlət Gömrük Komitəsinə tapşırmışdır ki, istehsal və idxal olunan məhsulların keyfiyyətini diqqət mərkəzində saxlasın. Ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı mühüm rola malikdir. Bu sektorun inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb. Belə ki, torpaq mülkiyyətçiləri torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunub. Məhsul istehsalını stimullaşdırmaq məqsədilə onlara istifadə etdikləri yanacaq və motor yağlarına görə subsidiyalar verilir, tələb olunan gübrənin 50 faiz güzəştlə satışı təmin olunur. Həmçinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən gətirilmiş müxtəliftəyinatlı kənd təsərrüfatı texnikaları, keyfiyyətli toxum və damazlıq cins mal-qara lizinq yolu ilə məhsul istehsalçılarına satılır.
Kənd təsərrüfatı məhsullarının istehsalında hər bir rayonun yerli iqlim və torpaq xüsusiyyətlərinin, eləcə də təsərrüfatçılıq ənənələrinin nəzərə alınmasının vacibliyini bildirən Ali Məclisin Sədri demişdir: “Bu barədə bir neçə dəfə aidiyyəti orqanlara müvafiq tapşırıqlar verilsə də, rayonların məhsul istehsalı üzrə ixtisaslaşması istiqamətində ciddi irəliləyişə nail olunmayıb. Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli icra hakimiyyətləri tərəfindən bu məsələ diqqət mərkəzində saxlanmalı, nəyin harda və necə əkilməsinin üstünlükləri ilə bağlı yerlərdə sahibkarlar arasında daim maarifləndirici tədbirlər həyata keçirilməli, kütləvi informasiya vasitələrinin imkanlarından istifadə olunmalıdır. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılmasının əsas istiqamətlərindən biri də mövsüm ərzində tələbatdan artıq istehsal olunan meyvə və tərəvəzin soyuducu anbarlara tədarük edilməsidir. Bu işin təşkilində İqtisadi İnkişaf Nazirliyi və yerli icra hakimiyyətləri öz fəaliyyətlərini daha da gücləndirməli, istehsalçıların məhsul bolluğuna marağı artırılmalıdır.
Sahibkarlıq fəaliyyətində qarşıya çıxan çətinliklərdən biri də istehsal olunan məhsulun satışının təşkilidir. İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətləri ilə birlikdə istehsal olunan məhsulların birbaşa istehsalçılar tərəfindən satışına imkan verən yarmarkaların təşkilini bundan sonra da davam etdirməlidir. Sahibkarlıq subyektlərinin maraq və mənafeləri də qorunmalı, onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısı alınmalıdır. Hər bir sahibkar öz fəaliyyətində dövlət dəstəyini daim hiss etməlidir. Ona görə də Ədliyyə Nazirliyi aparılan yoxlamaların məlumat reyestrinin qanunvericiliyə uyğunluğunu, yoxlamaların nəticələri haqqında tam və operativ məlumatın verilməsini təmin etməli, əsassız və təkrar yoxlamaların qarşısını almalıdır”.
Ali Məclisin Sədri demişdir: “Sahibkarlar cəmiyyətin ən təşəbbüskar, elmi-texniki yenilikləri daha tez mənimsəyən və istehsalatda tətbiq edən sosial təbəqəsidir. Cəmiyyətin sosial təbəqəsi kimi onlar yaradılmış şəraitdən, maliyyə imkanlarından, texnikadan, torpaqdan istifadə edirlər. Bu gün dövlət sahibkarlığın inkişafı üçün hər cür dəstəyi göstərir. Bundan sonra da göstərəcəkdir. Sahibkarlar da, öz növbəsində, dövlətin və cəmiyyətin inkişafı üçün öz dəstəyini göstərməlidirlər. Hər bir sahibkar çalışmalıdır ki, əhali məşğulluğuna, yeni iş yerlərinin açılmasına, keyfiyyətli məhsul istehsalına, daxili bazarın təminatına, muxtar respublikanın ixrac potensialının daha da gücləndirilməsinə öz töhfəsini versin. Qeyd olunan vəzifələrin icrası o halda mümkündür ki, sahibkarlıq fəaliyyətində dövlət-işçi-sahibkar münasibətləri düzgün qurulsun. Sahibkar öz işçilərinin sosial qayğısına qalmalı, normal və təhlükəsiz iş şəraiti yaratmalıdır. Bu yolla gedərək, dövlət-sahibkar-işçi münasibətlərində qarşılıqlı inam, hörmət və etibarı daha da möhkəmləndirərək qarşıda dayanan vəzifələrin icrasına nail olmalıyıq”.
İqtisadi tərəqqinin əldə olunmasında sahibkarlıq subyektlərinin rolunun mühüm əhəmiyyətə malik olduğunu qeyd edən Ali Məclisin Sədri muxtar respublikanın iqtisadi və sosial inkişafında oynadıqları rola görə sahibkarlara təşəkkürünü bildirmiş, bundan sonrakı fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 11 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Bu kreditlər yumurtalıq istiqamətində damazlıq quşçuluq istehsalı sahəsinin, istixana kompleksinin, soyuducu anbarın, üzümçülük təsərrüfatının, elektrik açarları istehsalı sahəsinin, limon, bağça və dekorativ bəzək güllərin yetişdirilməsi üçün istixana komplekslərinin, quşçuluq təsərrüfatının, bağçılıq təsərrüfatının və bərk pendir istehsalı sahəsinin yaradılmasına sərf olunacaqdır.
Görüşdə “Biznesdə uğur-2012” mükafatları təqdim olunmuşdur. “İlin şirkəti” nominasiyasında “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Sabir Cəfərova, “İlin sahibkarı” nominasiyasında “Təbiət” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Əhmədova, “İlin ixracatçısı” nominasiyasında Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin direktoru Namiq Novruzova, “İlin məhsulu” nominasiyasında isə qarışıq yem və sement məhsulları istehsalı üzrə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının direktoru Emin Uçara qiymətli hədiyyələr təqdim edilmişdir.
Sonda görüş iştirakçıları Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən filmə baxmışlar.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti