Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanma
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.
Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.
AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.
AZƏRTAC
Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının
təməlqoyma mərasimində iştirak edib
Yanvarın 11-də Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, inşa ediləcək su elektrik stansiyasının gücü 36 meqavat olacaq. Derivasiyatipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, suqəbuledici qurğu, çökəltmə hovuzu, derivasiya kanalı, yükləmə hovuzu daxildir. Bundan başqa, burada metal boru xətti, aparıcı kanal, sutullayıcı və balıqaxıdan qurğular da yaradılacaq. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq. Tənzimləyici dəmir-beton bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiyatipli kanalın uzunluğu 12738 metr olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək.
Dövlətimizin başçısı yeni stansiyanın təməlini qoydu.
Belə stansiyaların istifadəyə verilməsi Azərbaycanda, o cümlədən Naxçıvanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdiyini bir daha nümayiş etdirir. Bu cür layihələrin icrası həm də respublikada dövlətimizin başçısının tapşırığı ilə alternativ və bərpaolunan enerjidən istifadənin geniş tətbiqi üçün hərtərəfli imkanlar açır.
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC