Naxçıvanda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd edilmişdir
Naxçıvan Muxtar Respublikasında hər il 20 Yanvar şəhidlərinin xatirəsi əziz tutulur, şəhər və rayonlardakı şəhidlər xiyabanlarını minlərlə insan ziyarət edir.
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlmiş, xiyabandakı “Ana abidəsi”nin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Ali Məclisin Sədri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhidlik zirvəsinə ucalanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoymuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin törədilməsindən 27 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədildi. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almışdır. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar”.
20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş və kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərimizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırmışdır.
Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvana hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. Yanvarın 20-də Bakıda qanlı hadisələrin törədilməsindən bir neçə saat əvvəl isə ermənilər Sədərəyə və muxtar respublikanın digər sərhəd kəndlərinə hücumlar etdi, Qanlı Yanvar faciəsinin ilk səhifələri yazıldı. Lakin ərazi bütövlüyümüz uğrunda döyüşlərdə naxçıvanlılar düşmənə qarşı mərdliklə dayandı, şəhidlər verərək doğma torpaqlarımızı qoruyub saxladılar.
“Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar”, – deyən ulu öndərimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar, 1992-ci il yanvarın 13-də isə “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olundu. Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi, “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Hər il 20 Yanvar faciəsinin ildönümü ölkəmizdə geniş qeyd olunur.
Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Bu ucalığa yüksələnlərin ömür yolu gələcək nəsillər üçün örnəkdir. 20 Yanvar şəhidlərinin mübarizəsi də Azərbaycan xalqının qəhrəmanlıq tarixi, gənc nəsil üçün vətənpərvərlik dərsidir. Bu gün ölkəmizdə dövlət müstəqilliyimizin qazanılmasında, torpaqlarımızın qorunmasında canlarını qurban verən şəhidlərimizin xatirəsi əziz tutulur, vətənpərvər, dövlətə və xalqa bağlı gənc nəsil yetişdirilir. Qətiyyətli LİDERi və güclü ordusu olan Azərbaycan xalqı əmindir ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır! Xalqımız bir daha soyqırımlarla, faciələrlə sınağa çəkilməyəcəkdir! Çünki ümummilli liderimiz Heydər Əliyevin yolunun davam etdirilməsi müstəqilliyimizi əbədi edib. Azərbaycan inkişaf edərək dünyada söz sahibi olan dövlətə çevrilib. Xalqımız sabitlik şəraitində yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu gün hər bir vətənpərvər insan fəxr edir ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. O dövlətin ki, öz vətəndaşlarını darda qoymur. O dövlətin ki, öz vətəndaşlarının arxasında dayanır. O dövlətin ki, öz vətəndaşlarının rifahı üçün əlindən gələni əsirgəmir”.
Həmin gün saat 1200-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti