Yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkələrinin istifadəyə verilməsi insanların rahatlığına xidmət edən mühüm sosial tədbirdir. Muxtar respublikada bu sahədə kompleks işlər həyata keçirilir, əhali ekoloji təmiz və dayanıqlı içməli su ilə təmin olunur. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su və kanalizasiya şəbəkələri qurulur. Bu sahədə görülən işlərin nəticəsidir ki, ötən il muxtar respublikanın 18 kəndində yeni içməli su sistemi istifadəyə verilmişdir.
Yanvarın 5-də Naxçıvan şəhərinin Tumbul kəndində içməli su və kanalizasiya şəbəkəsinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Məlumat verilmişdir ki, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi üzrə Tumbul kəndində 18 kilometrdən artıq içməli su və 15 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi çəkilmiş, mənzillərdə sayğaclar quraşdırılmışdır. Kənddə, ümumilikdə, 503 abonent içməli su və kanalizasiya şəbəkəsinə qoşulmuşdur. İçməli su şəbəkəsi üzərində 2 təzyiq qaldırıcı, 9 yanğın hidrantı, 4 suburaxıcı quraşdırılmışdır. Tullantı sularını toplayan boru xətti Naxçıvan şəhər kanalizasiya şəbəkəsinə birləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tumbul kənd içməli su şəbəkəsinin açılışını bildirən qurğunu işə salmışdır.
Sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir: Bu gün Tumbul kəndində görülən işlər dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğının göstəricisidir. Tumbul kəndində içməli su və kanalizasiya sistemlərinin, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yolun istifadəyə verilməsi, mənzillərin dayanıqlı təbii qaz və elektrik enerjisi ilə təmin olunması, müasir rabitə xidmətinin göstərilməsi kənddə əhalinin rahat yaşaması ilə yanaşı, həm də məskunlaşmanın artmasına səbəb olmuşdur. Bütün bunlar isə ölkə Prezidentinin imzaladığı Qanunla Tumbul kəndinin Naxçıvan şəhərinə birləşdirilməsindən sonra mümkün olmuşdur.
Ali Məclisin Sədri demişdir: Vaxtilə Tumbul kəndində artezian qazılmış, kəhriz bərpa edilərək istifadəyə verilmişdi. Lakin bu, əhalinin içməli su tələbatını tam ödəmirdi. Bu gün isə kənddə yeni içməli su sistemi ilə yanaşı, həm də kanalizasiya şəbəkəsi istifadəyə verilir. Görülən işlərdən sonra Tumbul kəndi tamamilə müasirləşmişdir. Yaradılan şəraitdən səmərəli istifadə olunmalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, təmizliyə əməl edilməlidir.
Sakin Abbasəli Hüseynov minnətdarlıq edərək demişdir ki, inkişaf və müasirlik muxtar respublikanın hər bir kəndini əhatə etmişdir. Tumbulda şagirdlər köhnə məktəb binasında təhsil alırdı. Dövlət qurumları üçün lazımi iş şəraiti yox idi. İçməli su təminatında çətinliklər vardı. Lakin bu gün sakinlərin bu qayğıları həll olunub. Kənddə müasir məktəb binası, kənd və xidmət mərkəzləri, yol istifadəyə verilmiş, hər bir mənzil dayanıqlı içməli su ilə təmin edilmişdir. Su həyat deməkdir. Bu gün Tumbul kəndinin həyatında yeni bir dövr başlayır. Bütün bunlar ölkəmizdə insanlara göstərilən qayğının nəticəsində mümkün olmuşdur.
* * *
Tumbul kəndində 2 kilometrlik kənddaxili avtomobil yoluna asfalt örtük salınmış, beton kanal çəkilmiş və 5 su keçidi qoyulmuşdur. Kənddə rabitə xətləri də yenilənmiş, 2740 metrlik müxtəlif tutumlu kabel xətti, 800 metrlik elektrik xətti, 230 metr yeraltı elektrik xətti çəkilmiş, qaz xətlərində təmir işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti