Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən Araz çayı üzərində derivasiya tipli Ordubad-Marazad Su Elektrik Stansiyası tikiləcəkdir.
Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Ordubad-Marazad Su Elektrik Stansiyasının layihəsinə və stansiyanın tikiləcəyi əraziyə baxmışlar.
Məlumat verilmişdir ki, gücü 36 meqavat olan su elektrik stansiyasında tikinti işləri aparılarkən 235 metr uzunluğunda bənd və tutumu 1,5 milyon kubmetr olan su anbarı tikiləcək, 12 kilometrlik derivasiya kanalı çəkiləcəkdir. Həmçinin stansiyada tənzimləyici bənd, saniyədə 126 kubmetr su ötürmək gücünə malik olan suqəbuledici qurğu, çökəltmə hovuzu, stansiya binası və transformator yarımstansiyası quraşdırılacaqdır.
* * *
Həmin gün İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Culfa gömrük-keçid məntəqəsində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini yola salmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti