2016-cı ildə Azərbaycan dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd etdi. Müstəqillik illərində ölkəmiz sürətlə inkişaf etmiş, dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı əsl inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Naxçıvan Muxtar Respublikası da müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. 2016-cı ildə muxtar respublikada quruculuq işləri aparılmış, yeni sosial obyektlər, inzibati binalar, yaşayış kompleksləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hərbi obyektlər tikilərək istifadəyə verilmiş, yollar çəkilmiş, tarixi abidələrimiz bərpa olunmuşdur. Quruculuq və inkişaf yeni ildə daha böyük uğurların qazanılacağından xəbər verir.
Naxçıvan şəhərində və rayon mərkəzlərində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramının qeyd olunması üçün hazırlıq işləri görülmüşdü. Naxçıvan şəhərinin mərkəzi meydanında yolka qurulmuş, şəhər bayram libasına bürünmüşdü.
Dekabrın 31-də axşam saatlarından başlayaraq Heydər Əliyev prospektindəki mərkəzi meydanda bayram şənliyi təşkil olunmuş, Vətənimizi, həmrəyliyi, yeni ili tərənnüm edən mahnılar səslənmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanmışdır.
Gecə saatlarında Naxçıvan şəhərinin mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı olmuş, sakinlər və şəhərimizin qonaqları həmrəylik bayramını və yeni ilin gəlişini elliklə, böyük ruh yüksəkliyi ilə qarşılamışlar.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti