Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə etdi. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirdi, eyni zamanda, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını vurğuladı. Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyətinə toxunan dövlətimizin başçısı bu komissiyanın iqtisadi əməkdaşlığımızın praktik məsələlərinin müzakirəsinə diqqət yetirəcəyinə ümidvar olduğunu bildirdi.
Qətərin xarici işlər naziri Azərbaycanda gedən inkişaf proseslərinin Qətərdə böyük maraqla izlənildiyini bildirdi.
Görüşdə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olundu və bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmi vurğulandı.
AZƏRTAC