Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 7 yanvar tarixli 7-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi:
1.1. “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 2.1-ci maddəsində nəzərdə tutulmuş transplantasiya obyekti olan orqan və ya toxumaların siyahısını təsdiq etsin;
1.2. həmin Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş orqan və ya toxumaların transplantasiyasının qaydaları və şərtlərini, habelə onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısını təsdiq etsin;
1.3. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş orqan və ya toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanılması qaydalarını təsdiq etsin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 2.1-ci, 4.2-ci, 6.2-ci və 7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 7 yanvar 2017-ci il