Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlib.
Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəlmişdilər.
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edirdilər.
AZƏRTAC