10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Biz iqtisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk”.
Ölkəmizdə insan kapitalının formalaşmasında təhsil sistemi mühüm yer tutur. Naxçıvan Muxtar Respublikasında da təhsil quruculuğu prioritet istiqamət kimi müəyyənləşdirilmişdir. Həyata keçirilən kompleks quruculuq tədbirləri zamanı yeni məktəb binalarının inşasına xüsusi diqqət yetirilir, sağlam və intellektli gənc nəslin yetişdirilməsi qayğısına qalınır.

Yanvarın 5-də Naxçıvan şəhərinin Tumbul kəndindəki 13 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məktəbin direktoru Canpolad Rüstəmov çıxış edərək demişdir ki, hər il muxtar respublikamızda müasir avadanlıqlar və informasiya texnologiyaları ilə təchiz olunmuş məktəblər istifadəyə verilir. Təhsilə göstərilən qayğı xoşbəxt gələcəyimizin möhkəm bünövrəsini yaradır. Naxçıvan şəhərinin Tumbul kəndindəki 13 nömrəli tam orta məktəbdə də tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait var. Canpolad Rüstəmov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Hər bir ölkənin inkişafı təhsillə bağlıdır. O ölkələr inkişaf edir, o ölkə­lərdə gələcəyin təminatçıları olan vətənpərvər gənclər yetişdirilir ki, orda təhsilə yüksək diqqət və qayğı göstərilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Məktəblərdə yaradılan müasir tədris şəraiti gənclərin hərtərəfli hazırlanmasına təminat verir”. Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbində də kompüter və elektron lövhəli siniflərin, laboratoriyaların, kitabxananın, hərbi kabinənin, şahmat otağının, idman zalının və digər tədris avadanlıqlarının istifadəyə verilməsi şagirdlərin hərtərəfli hazırlanmasına imkan verir. Müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, məktəbdə tədris müasir tələblər səviyyəsində qurulmalıdır.
Ali Məclisin Sədri demişdir: Bu gün ümummilli liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir, bu sahədə lazımi normativ hüquqi aktlar qəbul olunur. Hazırda ölkəmizdə təhsilin bütün pillələri təmin edilmiş, gənc nəsil üçün müasir tədris şəraiti yaradılmışdır. Bununla yanaşı, gənclərin xarici ölkələrdə ali təhsil alması üçün də dövlətimiz tərəfindən lazımi köməklik göstərilir. Bir sözlə, Azərbaycan dövləti öz gələcəyini təmin etmək üçün gənclərin hərtərəfli təhsil alması qayğısına qalır. Yaradılan şəraitin nəticəsi olaraq isə vətənpərvər, təhsilli və peşə sahibi olan gənclər yetişdirilir. Bu da həm cəmiyyət, həm də dövlət üçün vacib məsələdir.
Ali Məclisin Sədri demişdir: Məktəbin nailiyyətləri onu deməyə imkan verir ki, burada müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulub. Yaradılan müasir tədris şəraiti gələcəkdə nailiyyətlərin daha da artmasına imkan verəcək, məktəbdə təhsilli və vətənpərvər gənclər yetişdiriləcəkdir.
Ali Məclisin Sədri bu yolda kollektivə uğurlar arzulamış, məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, 376 şagird yerlik məktəbdə 4-ü elektron lövhəli olmaqla, 18 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, 2 şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. 2016-2017-ci tədris ilində 13 nömrəli tam orta məktəbin birinci sinfinə 25 şagird qəbul olunmuşdur. Məktəbin kitabxanasında 3476 dərslik və 3340 bədii ədəbiyyat olmaqla, 6816 kitab vardır.
Məktəbdə tədris müasir texnologiyalar əsasında qurulmuş, 42 kompüter quraşdırılaraq internetə qoşulmuş, ayrı-ayrı fənlərə aid elektron resurslardan istifadə və elmi-texniki yeniliklər barədə məlumat əldə etmək imkanı yaradılmışdır.
Məktəb muzey şəbəkəsinə qoşulmuşdur. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Bəhruz Kəngərli Muzeyi ilə muxtar respublikanın 204 məktəbi arasında keçirilən distant dərsi izləmiş, şagirdlərin iştirakı ilə muzeylərdə açıq dərslərin keçirilməsini tapşırmışdır.
Şahmat sinfində şahmat masaları və lövhələr qoyulmuşdur. Hərbi kabinə və idman zalı müasir tədrisin tələbləri səviyyəsində qurulmuşdur.
Ali Məclisin Sədri şahmat fənninə aid dərsliklərin hazırlanması, idman dərslərinə və gənclərdə hərb sənətinə marağın artırılmasının əhəmiyyətini vurğulamışdır.
Müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
Ali Məclisin Sədri demişdir: 13 nömrəli tam orta məktəbin kollektivi yeni ili yeni əhval-ruhiyyə ilə qarşılayır. Müasir tədrisin tələblərinə cavab verən məktəbdə gələcəkdə daha uğurlu nəticələr qazanılacaqdır. Hər bir gəncin gələcəyinin uğurlu olması həm ailəsi və cəmiyyət, həm də dövlət üçün vacib məsələdir. Ona görə də gənclər yaxşı təhsil almalı, peşə öyrənməli, dünyagörüşünü artırmalı, vətənpərvərliyini öz əməli işi ilə göstərməlidir. Naxçıvan Muxtar Respublikasında gənclərin maraqlarına uyğun peşə seçməsi üçün lazımi şərait vardır. Ali təhsil müəssisələri, peşə məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey fəaliyyət göstərir. Gənclərin maraqlarına uyğun peşə sahələrinə yönləndirilməsi, onların hərtərəfli hazırlanması isə müəllimlərin üzərinə düşən əsas vəzifələrdir.
Kollektiv adından minnətdarlıq edən müəllim Nuranə Abbasova gənclərin hərtərəfli hazırlanmasında səylərini əsirgəməyəcəklərini bildirmişdir.
Məktəb binasının həyətində də abadlıq işləri aparılmış, mini-futbol meydançası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR