Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Hər bir vətəndaş üçün yaşadığı yerdən asılı olmayaraq, gözəl şərait yaradılmalıdır. İnsanlar işlə təmin olunmalıdır, təhlükəsizlik təmin edilməlidir, səhiyyə, təhsil ocaqları tikilməlidir”.
Sabitlik, davamlı sosial-iqtisadi islahatlar və aparılan geniş quruculuq işləribu gün Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə etmişdir. Kəndlərin abadlaşması, müasir infrastrukturun yaradılması, fərdi təsərrüfatların genişlənməsi və məşğulluğun təmin olunması ölkəmizin ən qiymətli sərvəti olan insanların rahat yaşayışına imkan verir, məskunlaşma ilbəil artır. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Babək rayonunun Payız kəndində də geniş abadlıq-quruculuq işləri aparılmış, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, rahat avtomobil yolu çəkilmiş, kənddəki qədim su dəyirmanı bərpa olunmuşdur.
Bilik Günü Payız kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunmuşdur
Sentyabrın 15-də - Bilik Günündə Payız kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bilik Gününün - yeni tədris ilinin başlanmasının Babək rayonunun Payız kəndində müasir məktəb binasının istifadəyə verilməsi ilə qeyd olduğunu bildirmiş, muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird, tələbə və müdavimlərini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək demişdir: Təhsil qədər cəmiyyəti irəli aparan ikinci bir sahə yoxdur. Əgər təhsil inkişaf edirsə, ölkə də inkişaf edir. Bu gün inkişaf edən ölkələrin təcrübəsini nəzərdən keçirsək, görərik ki, bu ölkələrin inkişafının kökündə təhsilə göstərilən qayğı dayanır. Bu bir həqiqətdir ki, Azərbaycanda təhsilin müasir standartlara cavab verməsi ümummilli liderimiz Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ümummilli liderimizin müəllifi olduğu və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən təhsil strategiyası Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında yeni mərhələyə yüksəlmişdir.