Muxtar respublikanın kəndlərində müasir infrastrukturun yaradılması və yeni sosial obyektlərin istifadəyə verilməsi insan amilinə göstərilən dəyərin daha bir ifadəsidir. Aparılan quruculuq işləri kəndlərdə idarəetmənin səmərəli təşkilinə, gənc nəslin hərtərəfli təhsil almasına, məskunlaşmanın artmasına, sakinlərin isə rahat və firavan yaşayışına xidmət edir. Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonuna da bu inkişaf və tərəqqidən pay düşmüşdür. Son illər rayonun kəndlərində kompleks quruculuq işləri aparılmışdır.
Noyabrın 6-da Şərur rayonunun Ələkli kəndində yeni sosial obyektlərin açılışı olmuşdur.
Ələkli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir
Noyabrın 6-da Ələkli kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Şərur rayonu da yeni inkişaf mərhələsinə yüksəlmişdir. Kəndlərin abadlaşması, fərdi təsərrüfatların genişlənməsi və yeni iş yerlərinin açılması insanların rahat yaşayışına və məskunlaşmanın artmasına səbəb olmuşdur. Bu ilin ötən dövründə Şərur rayonunda 3 məktəb binası, 3 kənd mərkəzi, 3 xidmət mərkəzi, rayon Mərkəzi Xəstəxanası tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Ərəbyengicə kəndində tam orta məktəbin, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzinin tikintisi, Yengicə kəndində XVIII əsrə aid hamamın bərpası, Şərur şəhərində 60 mənzilli yaşayış binasının yenidən qurulması, eləcə də Şərur şəhərinin içməli su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilir.