Sədərək rayonunda aqrar sahənin inkişafı diqqətdə saxlanılır. Rayonda taxıl əkininə maraq artır, hər il bol məhsul istehsal olunur. Həmçinin Sədərək rayonunda istehsal olunan taxılın qəbulu və emalı üçün də ardıcıl tədbirlər görülür.
Noyabrın 28-də “Sədərək” Taxıl Məhsulları Emalı müəssisəsi əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə maraqlanmış, müəssisəni işə salaraq istehsal prosesini izləmişdir.
Məlumat verilmişdir ki, gündəlik istehsal gücü 10 ton olan müəssisə emal bölməsindən, 2 anbardan və 3 iş otağından ibarətdir. Müəssisədə Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Hazırda burada birinci və ikinci növ un, o cümlədən kəpək istehsal olunur. Emal müəssisəsində 4 nəfər işlə təmin olunmuşdur. Müəssisənin xidmətindən Sədərək rayonu ilə yanaşı, Şərur rayonunun yaxın kəndlərinin taxıl istehsalçıları da istifadə edə biləcəklər.
Ali Məclisin Sədri “Sədərək” Taxıl Məhsulları Emalı Müəssisənin istifadəyə verilməsi ilə muxtar respublikada gündəlik istehsal gücü 500 ton olan 19 taxıl emalı müəssisəsinin fəaliyyət göstərdiyini və tələbatın tam ödənildiyini bildirmiş, müəssisənin imkanlarından səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti