Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası ölkəmizə tərəqqi, xalqımıza firavanlıq və rifah bəxş edib. Bu yolun uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında quruculuq tədbirlərinin əhatə dairəsini xeyli genişləndirib. Hər il kəndlərdə müasir infrastruktur yaradılır, yeni sosial obyektlər inşa olunur, yollar çəkilir, əhalinin rahat yaşayışı təmin edilir.
Qaraxanbəyli Kənd Mərkəzi istifadəyə verilib
Dekabrın 2-də Qaraxanbəylidə yeni kənd mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını bildirən lenti kəsmiş, dövlət qurumlarının fəaliyyəti üçün yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, kənd mərkəzində rabitə evi, polis sahə, feldşer-mama və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, statistika işçisi üçün otaq, mədəniyyət evi və 44 yerlik zal yerləşir. Yaradılan müasir iş şəraiti və idarəetmənin səmərəli təşkili sakinlərə göstərilən xidmətin səviyyəsini xeyli yüksəldəcəkdir. Kənd kitabxanasında 7300-dən artıq kitab vardır. Kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılmışdır.
Ali Məclisin Sədri kənddə baytarlıq xidmətinin təşkili ilə maraqlanmış, müvafiq tapşırıqlar vermişdir.
Rabitə evində poçt bölməsinin fəaliyyəti təmin edilmiş, 640 yerlik ATS quraşdırılmış, kəndə 4470 metr məsafədən fiber-optik kabel xətti çəkilmiş, sürətli internetə çıxış imkanı yaradılmışdır. Hazırda kənddə 632 telefon və 200-dən artıq internet istifadəçisi vardır.
Kənddə tibb xidməti günün tələbləri səviyyəsində təşkil olunub. 4 otaqdan ibarət olan feldşer-mama məntəqəsində ilkin tibbi yardım avadanlıqları və peyvənd çantası qoyulmuş, məntəqə dərman preparatları ilə təmin edilmişdir.
Qaraxanbəyli kənd avtomobil yolunun açılışı olub
Hər bir yaşayış məntəqəsinin inkişafında müasir yol infrastrukturunun yaradılması vacib məsələdir. Çünki abad yol rahat yaşayış deməkdir. Qaraxanbəylidə aparılan abadlıq-quruculuq işləri çərçivəsində kənd yolu da yenidən qurulmuşdur.
Dekabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qaraxanbəyli kənd yolunun açılışını etmişdir.
Məlumat verilmişdir ki, 1260 metr uzunluğundakı yol yenidənqurma işləri zamanı genişləndirilmiş, yola keyfiyyətli asfalt örtük salınmışdır. Yolun hər iki kənarında hasarlar çəkilmiş, piyada yolu salınmış, körpü yenidən qurulmuşdur. Tikinti işləri zamanı həyətyanı sahələrdə sökülən yardımçı binalar yenidən tikilmiş, kənddaxili məhəllələr abadlaşdırılmışdır.
Xidmət mərkəzi fəaliyyətə başlayıb
Dekabrın 2-də Qaraxanbəylidə xidmət mərkəzinin açılışı olmuşdur.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, xidmət mərkəzinin fəaliyyəti kənd əhalisinin tələbatına uyğun qurulmuşdur. Binada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və üç anbar vardır. Ərzaq mağazasında ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir. Mərkəzdə xidmət sahələrinin fəaliyyəti üçün müasir şərait yaradılmış, 7 sakin işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri Qaraxanbəyli kənd sakinləri ilə görüşmüş, onları kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək demişdir: Qaraxanbəyli kəndi Naxçıvan şəhərinin müasir və abad yaşayış ərazisinə çevrilib. Naxçıvan şəhərinə birləşdirildikdən sonra Qaraxanbəylidə şəhər infrastrukturu yaradılmış, geniş quruculuq işləri aparılmış, yeni içməli su və kanalizasiya sistemləri qurulmuş, elektrik, qaz və rabitə sistemləri yenilənmişdir. Bu il isə Qaraxanbəylidə müasir yol infrastrukturu yaradılmış, kənd mərkəzi tikilmiş, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, feldşer-mama məntəqəsinin və digər qurumların səmərəli fəaliyyəti təmin olunmuşdur. Yaxın günlərdə isə kənddə müasir məktəb binası istifadəyə veriləcəkdir. Həyata keçirilən bu tədbirlər 3500-dən artıq sakinin rahat yaşayışına xidmət edir.
Ali Məclisin Sədri demişdir: Bu il ölkəmizdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü qeyd olundu. 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası 1993-cü ildə ulu öndərin xalqın təkidli tələbi ilə ölkəmizdə hakimiyyətə qayıdışı ilə hakim partiyaya çevrildi. Ötən dövrdə görülən işlər və qazanılan nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin və bu siyasi xəttin Azərbaycanda uğurla davam etdirilməsinin təntənəsidir.
Qeyd olunmuşdur ki, bu gün qarşıda duran əsas vəzifə yaradılan şəraitin qədrini bilmək və onlardan səmərəli istifadə etməkdir. Kəndin çətinlikləri, problemləri həll olunub. Sakinlər tikilənləri, qurulanları qoruyub saxlamalı, kəndin abadlığına və yaşıllıqların artırılmasına bundan sonra da diqqət yetirilməlidir.
Ali Məclisin Sədri bir daha sakinləri təbrik etmiş, onlara firavan həyat arzulamışdır.
Qaraxanbəyli kənd sakini, ziyalı Azad Şirzadov demişdir: Kəndimizdə iki ildir ki, geniş quruculuq işləri aparılır. Ötən il müasir içməli su və kanalizasiya sistemləri istifadəyə verildi. Vaxtilə kəndimizdə dövlət qurumları uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Bu gün isə kənd və xidmət mərkəzləri, eləcə də müasir yol istifadəyə verilir. Sovet dövründə 70 il ərzində görülən işlərlə müstəqil Azərbaycanda son 25 ildə görülən işləri müqayisə etdikdə aydın olur ki, müstəqillik illərində həm kəmiyyət, həm də keyfiyyət baxımından böyük inkişafa nail olmuşuq. Bu gün Naxçıvanda tikilən məktəblər, bütün sahələr üzrə yaradılan müasir infrastruktur dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq səviyyədədir. Bu inkişafı kəndimizə gələn xarici ölkə vətəndaşları da etiraf edirlər. Bütün bunların bir səbəbi vardır: o da ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin ölkə başçısı tərəfindən uğurla davam etdirilməsidir. Bu gün biz həm müstəqilliyimizin, həm də inkişaf edən firavan dövlətimizin bəhrəsini görürük.
Kənd sakini Hökümə Mahmudova qeyd edib ki, aparılan quruculuq işləri, yaradılan şərait sakinlərə rahatlıq bəxş edir. Vaxtilə su və kanalizasiya sistemlərinin olmaması ən çox qadınları çətinliklər qarşısında qoyurdu. Bu gün isə hər mənzilin daimi suyu, işığı, qazı, bir sözlə, rahat yaşayış şəraiti var. Bütün bunlar təkcə bir yaşayış məntəqəsinin müasirləşməsi deyil, həm də dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının ifadəsidir.
* * *
Kənddə 2040 metr yeraltı rabitə və 6 min metrə yaxın yeraltı elektrik xətti çəkilmiş, 3767 metr qaz xəttində təmir-bərpa işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti