Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.
Bildirilib ki, builki sərgidə 20 ölkədən 192 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr təmsil olunur.
Dövlətimizin başçısına və birinci xanıma “Baktelecom” və “Aztelekom”un il ərzində həyata keçirdiyi layihələrlə bağlı məlumat verilib.
Sonra Prezident İlham Əliyev “Euronews” və “Rossiya-24” televiziya kanallarının suallarını cavablandırıb.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzinin foyesində “Azərmarka” tərəfindən 25 il ərzində dövriyyəyə buraxılan ən maraqlı poçt markalarından ibarət fotoqalereyaya baxıblar.
AZƏRTAC