Dekabrın 1-də sağlamlıq imkanları məhdud üç Azərbaycan Vətən Müharibəsi iştirakçısına və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək demişdir ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olanlara sosial xidmətlərin göstərilməsi və reabilitasiyası diqqət mərkəzindədir. Bu günədək muxtar respublikada müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud 456 şəxsə minik avtomobili verilmiş, 211 müharibə əlili və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur. Bu ilin ötən dövründə isə sağlamlıq imkanları məhdud şəxslər müxtəlif sanatoriya və pansionatlara göndərişlərlə təmin olunmuş, bərpa mərkəzlərində müalicələri təşkil edilmişdir. Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi də diqqət mərkəzindədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Bu gün Azərbaycan torpaqlarının qorunması zamanı sağlamlığını itirmiş şəxslərə dövlət qayğısı ilə minik avtomobilləri verilir. Avtomobillə təmin olunan şəxslərin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi Vətənə xidmətin nümunəsidir. Eyni zamanda Vətən qarşısında xidməti olanlara avtomobillərin təqdim edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlara göstərdiyi qayğının daha bir ifadəsidir. Vətənə layiqincə xidmət etmək və bu xidmətin dövlət tərəfindən qiymətləndirilməsi isə Vətənin bütövlüyünə, gələcəyinə xidmət edir. Bu gün xidməti borclarını layiqincə yerinə yetirən insanlara avtomobillərin təqdim olunması həm də onların hərəkət imkanlarını yaxşılaşdıracaqdır.
Ali Məclisin Sədri avtomobillə təmin olunanları təbrik etmiş, Vətən qarşısında xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirmişdir.
Sonra Ali Məclisin Sədri avtomobillərin açarlarını təqdim etmişdir.
Hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış Röya Cəfərov çıxış edərək demişdir: Muxtar respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Bunu gündəlik həyatımızda hər an hiss edirik. Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Müharibə əlilləri, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Minik avtomobili ilə təmin olunacağımı eşidəndə çox sevindim. Bu qayğıya görə bütün müharibə iştirakçıları adından minnətdarlığımı bildirirəm.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti