Muxtar respublikanın kəndlərində müasir infrastrukturun yaradılması və yeni sosial obyektlərin istifadəyə verilməsi insan amilinə göstərilən dəyərin daha bir ifadəsidir. Aparılan quruculuq işləri kəndlərdə idarəetmənin səmərəli təşkilinə, gənc nəslin hərtərəfli təhsil almasına, məskunlaşmanın artmasına, sakinlərin isə rahat və firavan yaşayışına xidmət edir. Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonuna da bu inkişaf və tərəqqidən pay düşmüşdür. Son illər rayonun kəndlərində kompleks quruculuq işləri aparılmışdır.
Noyabrın 6-da Şərur rayonunun Ələkli kəndində yeni sosial obyektlərin açılışı olmuşdur.
Ələkli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir
Noyabrın 6-da Ələkli kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Şərur rayonu da yeni inkişaf mərhələsinə yüksəlmişdir. Kəndlərin abadlaşması, fərdi təsərrüfatların genişlənməsi və yeni iş yerlərinin açılması insanların rahat yaşayışına və məskunlaşmanın artmasına səbəb olmuşdur. Bu ilin ötən dövründə Şərur rayonunda 3 məktəb binası, 3 kənd mərkəzi, 3 xidmət mərkəzi, rayon Mərkəzi Xəstəxanası tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Ərəbyengicə kəndində tam orta məktəbin, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzinin tikintisi, Yengicə kəndində XVIII əsrə aid hamamın bərpası, Şərur şəhərində 60 mənzilli yaşayış binasının yenidən qurulması, eləcə də Şərur şəhərinin içməli su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilir.
Ələkli kənd tam orta məktəbinin direktoru İsrafil Quliyev demişdir ki, geniş quruculuq işlərinin aparılması Ələkli kəndini müasir kəndlərin sırasına qoşub. Kənddə müasirtipli məktəb binasının istifadəyə verilməsi təhsilin inkişafına göstərilən qayğının davamıdır. İsrafil Quliyev yaradılan hərtərəfli tədris şəraitinə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tövsiyə edirdi ki, “Ölkəmizin gənclərini təhsilli etmək üçün müasir tələblərə cavab verən məktəb binalarının tikilməsi ilə məşğul olmalıyıq”. Müasir məktəb binasında tədrisin təşkili üçün lazımi şərait yaradılır, kitabxana, idman qurğuları, laboratoriyalar, fənn kabinələri istifadəyə verilir, yeni texnologiyalar və ən son tədris metodları tətbiq olunur. Bu gün istifadəyə verilən Ələkli kənd tam orta məktəbi də müasir tədrisin tələblərinə uyğun qurulub.
Ali Məclisin Sədri bu münasibətlə kollektivi təbrik edərək demişdir: Məktəbdə elektron lövhələr, kompüter sinifləri, zəngin kitabxana, gənclərin sağlam böyüməsi üçün idman qurğuları və zalı istifadəyə verilmiş, təhsil ocağı bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin olunmuşdur. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, təhsilli gənclər yetişdirilməlidir. Orta məktəbi bitirən hər bir gənc özünə peşə seçməli, ölkəmiz üçün yararlı vətəndaş kimi yetişməlidir. Təhsilli, vətənpərvər və peşə sahibi olan gənclərin hazırlanması isə müəllimlərin qarşısında duran əsas vəzifədir. Məktəbin nailiyyətləri onu deməyə əsas verir ki, tədris düzgün qurulub. Yaradılan şəraitdən səmərəli istifadə nailiyyətlərin daha da artmasına və Ələkli kənd tam orta məktəbinin muxtar respublikanın qabaqcıl məktəbləri sırasına qoşulmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri bir daha kollektivi təbrik etmiş, məktəb binasının tikilməsində əməyi olanlara təşəkkür etmişdir.
3 mərtəbəli məktəb binası 234 şagird yerlikdir. Binada 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı vardır.
Ali Məclisin Sədri kitabxanada, sinif otaqlarında və fənn kabinələrində olmuş, tədrisin təşkili ilə maraqlanmışdır.
Məktəbin kitabxanasında 1030-u dərslik və 2160-ı bədii ədəbiyyat olmaqla 3190 kitab müəllim və şagirdlərin istifadəsinə verilmiş, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılmışdır. Kimya-biologiya və fizika laboratoriyaları tədris planına uyğun təcrübi avadanlıqlarla təmin olunmuş, dəqiq elmlər üzrə elektron dərslik bazası yaradılmışdır. Tədris prosesində yeni texnologiyaların tətbiqinə geniş yer verilmiş, 19 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Elektron lövhəli sinifdə muxtar respublikanın 201 ümumtəhsil məktəbi ilə Hüseyn Cavidin ev muzey arasında keçirilən distant dərs izlənilmişdir.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri onları təbrik etmiş, məktəbdə yaradılan müasir şəraitin tədrisin hərtərəfli təşkilinə imkan verəcəyəni bildirmiş, kollektivə işlərində uğurlar arzulamışdır.
Gənc müəllim Sahil Əlizadə pedaqoji kollektiv adından minnətdarlıq edərək demişdir: Bu gün muxtar respublikada gənclərə xüsusi qayğı göstərilir, onlar səhiyyə, mədəniyyət, təhsil, dövlət qulluğu və digər sahələrdə işlə təmin olunurlar. Mən də bu il keçirilən təhsil yarmarkasında iştirak edərək Ələkli kənd tam orta məktəbinə təyinat almışam. Məktəbdə ingilis dili fənnini tədris edirəm. Fəaliyyətim üçün hər cür şərait yaradılıb. Müasir məktəb binasının istifadəyə verilməsi məsuliyyətimizi daha da artırır. Söz veririk ki, göstərilən etimadı doğruldacaq, gənclərin hərtərəfli təhsil alması üçün səylə çalışacağıq.
Binanın həyətində də abadlıq işləri aparılmış, bufet və açıq idman qurğuları istifadəyə verilmişdir.
Ələkli Kənd Uşaq Musiqi Məktəbi yeni binada fəaliyyət göstərəcək
Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılmasına, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması və uşaq musiqi məktəbləri üçün müasir binaların istifadəyə verilməsi bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Noyabrın 6-da Ələkli Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, musiqi məktəbində 23 sinif otağı, direktor otağı, müəllimlər otağı, konsert zalı, musiqi alətlərinin təmiri otağı və kitabxana vardır. Kitabxana musiqi nəzəriyyəsinə aid tədris vəsaitləri və ədəbiyyatlarla təmin olunmuşdur. Müasir inventar və avadanlıqlarla təchiz edilmiş məktəbdə şagirdlərin istifadəsinə 5 pianino verilib. Musiqi məktəbində xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbələri fəaliyyət göstərir, tar, kamança, fortepiano, qarmon, nağara və saz ixtisasları üzrə musiqiçi kadrlar hazırlanır. Həmçinin məktəbdə xalq çalğı alətləri, sazçalanlar və nağaraçalanlar ansamblları, xor kollektivi və uşaqlardan ibarət həvəskar yallı qrupu da yaradılmışdır.
Ali Məclisin Sədri kitabxananın musiqi nəzəriyyəsinə aid dərslik və ədəbiyyatlarla zənginləşdirilməsi barədə tapşırıqlar vermişdir.
Musiqi alətlərinin təmiri otağına baxış zamanı milli musiqi alətlərinin təmiri və hazırlanması ilə məşğul olan gənc sənətkar Rəşad Həsənli minnətdarlıq edərək demişdir ki, o, milli musiqi alətlərinin hazırlanması üzrə kurs keçib. Bu sahəyə böyük marağı var. Yaradılan şərait daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri hazırlanan milli musiqi alətlərinə baxmış, gənc sənətkarların fəaliyyəti üçün bundan sonra da lazımi şəraitin yaradılmasının vacibliyini bildirmişdir.
Sonra Ali Məclisin Sədri musiqi məktəbinin müəllimləri ilə görüşmüş, onları yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Bu gün Ələkli Kənd Uşaq Musiqi Məktəbində 3 şöbədə 6 ixtisas üzrə musiqi dərsləri keçirilir. Ətraf kəndlərdən olan gənclər də məktəbdə musiqi təhsili alır. Bu da gənclərin asudə vaxtının səmərəli təşkili, onların istedadının üzə çıxarılması və milli musiqimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Yaradılan şərait imkan verəcəkdir ki, məktəbə daha çox gənclər cəlb olunsun, tədris olunan ixtisasların sayı artırılsın.
Ali Məclisin Sədri demişdir: Musiqi duyumu olanlar, musiqi alətlərində ifa etməyi bacaranlar xüsusi istedada malik insanlardır. Bu istedadların üzə çıxarılması, qədim və zəngin musiqi ənənələrimizin davam etdirilməsi isə kollektivin qarşısında duran əsas vəzifələrdir. Müəllimlər milli musiqimizlə yanaşı, dünya musiqisini də gənc nəslə öyrətməlidirlər. Naxçıvan Musiqi Kollecində və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində müxtəlif ixtisasların fəaliyyət göstərməsi musiqi məktəbini bitirən gənclərin öz təhsillərini davam etdirməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamışdır.
Məktəbin müəllimi Aidə Əsgərova minnətdarlıq edərək demişdir ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafına da daim diqqət və qayğı göstərilir. Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Ələkli Kənd Uşaq Musiqi Məktəbi üçün müasir binanın inşa olunması kollektivin sevincinə səbəb olmuşdur. Müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməklə üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklər.
Konsert zalında Ələkli Kənd Uşaq Musiqi Məktəbinin şagirdləri maraqlı musiqi nömrələri təqdim etmişlər.
Ali Məclisin Sədri musiqi nömrələrini izləmiş, şagirdləri uğurlu çıxışlarına görə təbrik etmişdir.
Dövlət qurumları yeni kənd mərkəzində fəaliyyət göstərəcəkdir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ələkli Kənd Mərkəzinin də açılışını etmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, kənd mərkəzinin birinci mərtəbəsində kitabxana, rabitə evi, feldşer-mama məntəqəsi, polis sahə və baytarlıq məntəqələri yerləşir. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, stastika otağı, mədəniyyət evi üçün otaqlar və 42 yerlik zal isə binanın ikinci mərtəbəsindədir. Əhalinin maariflənməsində və asudə vaxtın səmərəli təşkilində əvəzsiz rolu olan kənd kitabxanasında oxucular üçün lazımı şərait yaradılmışdır. Burada 7472 kitab vardır.
Baytarlıq məntəqəsi üçün ayrılan iş otağında lazımi dərman preparatları qoyulmuşdur. Kənd mərkəzindəki rabitə evində poçt şöbəsinin fəaliyyəti təmin olunmuş, 512 yerlikyeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılmışdır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Cavid Hüseynov yaradılan şəraitə görə minnətdarlıq etmiş, bu şəraitin fəaliyyətlərini daha da genişləndirəcəyinə imkan verəcəyini bildirmişdir.
Ali Məclisinin Sədri kənddə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ilə maraqlanmışdır.
Bildirilmişdir ki, feldşer-mama məntəqəsi lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Tibb işçiləri kənddə peyvənd işinin vaxtlı-vaxtında aparılmasına və gigiyenik qaydalara əməl olunmasına ciddi diqqət yetirirlər.
Ələkli kəndində yeni xidmət mərkəzi və mərasim evinin açılışı olmuşdur
Noyabrın 6-da Ələkli kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, kəndlərdə bu cür xidmət obyektlərinin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzin istifadəyə verilməsi həm də kənddə yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Hazırda burada 6 nəfər daimi işlə təmin olunmuşdur.
Mərkəzlə tanışlıqdan sona Ali Məclisin Sədri sakinlərlə görüşmüşdür.
Ali Məclisin Sədri demişdir: Kəndlərdə abadlıq-quruculuq işlərinin aparılması, yeni sosial obyektlərin istifadəyə verilməsi insanlarda ölkəmizin sabahına inam yaradır. Bu gün Ələkli kəndində geniş quruculuq işlərinin aparılması, yeni sosial obyektlərin istifadəyə verilməsi müstəqil Azərbaycan dövləti tərəfindən həyata keçirilmişdir. Ələkli kəndi müasir Azərbaycan kəndinin nümunəsidir. Kənddə yaradılan şərait sakinlərin rahat yaşayışına xidmət edir. Ona görə də sakinlər uzun illər ərzində formalaşmış təsərrüfat ənənələrini davam etdirməli, torpaqları əkməli, Ələkli kəndinin bugünkü müasir görkəmini qoruyub saxlamalıdırlar.
Kənd sakini Vaqif Bayramov minnətdarlıq edərək demişdir: Aparılan quruculuq işləri və yaradılan müasir infrastruktur Ələkli kəndinə qəsəbə görkəmi verib. Kəndin bütün sosial problemləri həll olunub. Artıq övladlarımız müasir məktəbdə təhsil alacaqlar. Kənd sakinləri əsasən əkinçiliklə məşğul olurlar. İstehsal etdiyimiz məhsulu bazar və yarmarkalarda rahat şəkildə satırıq. Bu da imkan verir ki, təsərrüfatlarımızı daha da genişləndirək.
Həmin gün Ali Məclisin Sədri kənddə tikilən yeni mərasim evinə də baxmışdır.
Kənd ağsaqqalı Arif Kazımov demişdir: Bu gün Ələkli kəndinin həyatında əlamətdar gündür. Aparılan quruculuq işləri sakinlər tərəfindən minnətdarlıqla qarışlanır. Yeni mərasim evinin tikilməsi sakinlərin rahatlığını təmin etməklə yanaşı, həm də bizim dəyərlərimizə hörmətin bariz nümunəsidir. Bütün bunları görərkən bir daha əmin oluruq ki, ulu öndərimiz Heydər Əliyevin arzuları reallığa çevrilib.
Sonra iki zal və mətbəxdən ibarət olan mərasim evinə baxış olmuşdur. Binaya su, elektrik və qaz xətləri çəkilmiş, mətbəx zəruri inventarla təchiz edilmişdir.
Kənd yolu müasir tələblərə uyğun qurulmuşdur
Noyabrın 6-da Ələkli kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 5300 metrlik avtomobil yolunun hərəkət hissəsi genişləndirilərək asfalt örtük salınmışdır. Yolda tikinti işləri mühəndis-texniki tələblərə uyğun aparılmış, 125 su keçidi, 2 su ötürücü qoyulmuş, 2230 metr uzunluğunda beton kanal çəkilmişdir.
* * *
Ələkli kəndində quruculuq işləri aparılarkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə rabitə, elektrik, qaz və su xətləri yenilənmiş, 2310 metr fiberoptik kabel, 13 min 580 metr rabitə, 670 metr elektrik və 380 metr qaz xətti çəkilmiş, əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə 1 kilometrlik içməli su xətti bərpa olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti