Noyabrın 6-da metronun “İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev retro vaqonlarla tanış olub.
Qeyd edək ki, Mıtişşi maşınqayırma zavodunda istehsal olunan ilk belə retro vaqonlar “A” tipli vaqonlar adlandırılıb. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb. Həmin vaqonlarda oturmaq üçün 52 və ayaq üstə dayanmaq üçün isə 120 yer var idi. Bu tipli vaqonlardan biri 1968-ci ildə yol ölçmək üçün Bakıya göndərilib.
Təqdimatı olan “E” tipli digər vaqonların hazırlanmasına isə 1956-cı ildə başlanılıb. “E” tipli ilk sınaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin – Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilib. Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılıb.
Sonra Prezident İlham Əliyev retro vaqonlardan ibarət qatarla “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gəlib.
Retro vaqonlarla tanış olan Prezident İlham Əliyev 50 illik yubileyi münasibətilə Bakı Metropoliteninin kollektivini təbrik edib, yeni-yeni uğurlar arzulayıb.
AZƏRTAC