09 Yanvar 2025, Cümə axşamı

Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına təmin edilməsi, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azaldılması, ixracyönümlü məhsulların istehsal həcminin artırılması istiqamətində son illərdə mühüm addımlar atılmışdır. Respublikada müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi, on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi aqrar sektorun dayanıqlı inkişafı üçün zəmin yaratmış, kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının inkişafına xidmət edən aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlamasına imkan vermişdir.
2017-ci ildə Naxçıvan Muxtar Respublikasında mövcud potensialdan səmərəli istifadə olunmaqla görülmüş meliorativ tədbirlər nəticəsində 407 hektar sahədə su resurslarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması başa çatdırılmışdır.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2018-ci il

Son illərdə həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində ölkədə yüksək inkişafa nail olunmuş, aparılan islahatlar və genişmiqyaslı infrastruktur layihələri davamlı inkişaf üçün şərait yaratmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Hazırda respublikanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı mühüm layihələr uğurla icra olunur.
Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 30,0 (otuz) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2018-ci il

Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında özünəməxsus yer tutan, zəngin mədəniyyəti, qədim tarixi və dövlətçilik ənənələri olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində öz qədimliyini və tarixiliyini qorumaqla bu gün də sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikasında əsaslı dəyişikliklər baş vermiş, sənaye məhsulunun həcmi 34,4 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 15,9 dəfə, o cümlədən tikinti quraşdırma işləri 15,2 dəfə artmış, irimiqyaslı infrastruktur layihələri yerinə yetirilmiş, elektrik stansiyaları istismara verilmiş, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilmiş, müasir avadanlıqla təchiz edilmiş idman kompleksləri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və turizm obyektləri inşa edilmiş, yeni yollar çəkilmiş, istehsal müəssisələri yaradılmış, 72 mindən çox yeni iş yeri açılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 16-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və hökumətin üzvləri yola saldılar.

Prezident, Ali Baş Komandan İlham Əliyev burada yeni hərbi xəstəxananın açılışını edib

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Ölkəmizdə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında da böyük əhəmiyyətə malik layihələr icra olunub. Bu gün muxtar respublikanın müdafiə potensialı və gücü durmadan artır. Ümumilikdə, ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədədir, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə təmin olunması ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən istifadə edilib. Son illərdə ordunun müasir silah və texnika ilə təchiz olunması istiqamətində də əməli tədbirlər görülüb. Dövlətimizin başçısının təşəbbüsü ilə 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin yenidən qurulan müəssisələrində istehsal olunan silah və texnika hazırda ordumuzun maddi-texniki təchizatında aparıcı rol oynayır.

Ardını oxu...

 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mayın 16-da Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub.

Üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarların nəticəsində Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olan ölkəyə çevrildi. Müstəqil dövlətimizin sərhədlərinin etibarlı qorunmasının yüksək səviyyədə təşkili sonrakı dövrdə də prioritet oldu. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunun əsas istiqamətlərindən olan Sərhəd Qoşunlarını da dövlət qayğısı ilə əhatə etdi. Ali Baş Komandanın ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürünə çevrildi. Təsadüfi deyil ki, son illərdə Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması əlbəttə ki, Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda ali təhsilin inkişafı da diqqətdə saxlanılır. Prezident İlham Əliyev ali təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirir. Ölkədə mövcud olan ali məktəblərin sırası genişləndirilir. Bu sırada Naxçıvan Müəllimlər İnstitutu da mühüm yer tutur. Belə ki, 2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan bu təhsil ocağı ötən dövrdə öz fəaliyyətini genişləndirib, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. Ötən dövrdə institut ixtisaslı müəllim kadrları ilə də təmin olunub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Bütün bunlar Azərbaycan ali təhsilinin yeni inkişaf mərhələsinin göstəriciləridir. Dövlətimizin başçısının Azərbaycanın ali təhsil müəssisələrinin dünyanın inkişaf etmiş ali təhsil məkanına inteqrasiyasının təmin olunması ilə bağlı tədbirləri bu sahədə yeni keyfiyyət dəyişikliyinin əldə olunmasına şərait yaradıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” deyimi yeni yüzillikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində başqa bir modeldə həqiqətə çevrildi. Azərbaycan Prezidentinin dünya ictimaiyyətinə ünvanladığı “Qara qızılı insan kapitalına çevirmək” mesajı 2003-cü ildən başlayaraq dövlət siyasətinin mühüm tərkib hissəsi oldu. Çünki müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.

Son illərdə ölkəmizin ərazisində yeni kollektor və xətlərin, tullantı sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin yenidən qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası sayəsində bu sahədə də əhəmiyyətli nəticələr əldə olunub. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır. Son illərdə Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin yaradılması istiqamətində görülən işlər bunu deməyə əsas verir. Bu layihə bir tərəfdən ekoloji sahədə görülən tədbirləri əks etdirir, digər tərəfdən də yeni infrastruktur layihələrinin səmərəli istifadəsi üçün geniş imkanlar açır.

Ardını oxu...

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildən başlanılıb. Layihəyə əsasən Şərur şəhərinə, Mahmudkənd kəndinə və Zeyvə kəndinin bir hissəsinə su şəbəkəsi, Şərur şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Layihənin birinci mərhələsi ötən ilin dekabrında başa çatıb. Layihəyə əsasən Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə eni 1,3 metr, hündürlüyü 2 metr, uzunluğu 134 metr olan qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Buradan su anbarlarına qədər diametri 900 millimetr olan plastik boru ilə 1500 metr xətt çəkilib. Xətt üzərində bir ədəd suboşaldıcı inşa olunub. Qalereyadan gələn su dezinfeksiya olunaraq su anbarlarına yığılır və öz axını ilə əhaliyə fasiləsiz ötürülür. Layihə çərçivəsində hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7 min 500 kubmetr olan bir ədəd, cəmi tutumu 27 min 500 kubmetr olan su anbarları tikilib. Su anbarlarından Şərur şəhərinədək diametri 900 millimetrdən 630 millimetrə qədər olan borularla 9,5 kilometr uzunluğunda xəttin tikintisi aparılıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.

Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.

Mayın 15-də Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təhsil ocağında yaradılan şəraitlə tanış olublar.
Dövlətimizin başçısı və birinci xanım kompleksin bağçasında yaradılan şəraitlə də maraqlanıblar. Məlumat verilib ki, 112 yerlik bağçada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

AZƏRTAC

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə ­keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi istiqamətində tədbirlər 2018-ci ilin aprel ayında da uğurla davam etdirilib. 

Hesabat ayında 18 yeni telefon nömrəsi istismara verilmişdir. Bundan başqa, Şahbuz rayonunun Biçənək kəndində baş verən sel daşqını nəticəsində sıradan çıxan rabitə xətləri bərpa olunaraq təhlükəsiz əraziyə köçürülmüş, muxtar respublika ərazisində, ümumilikdə, 2865 metr fiber-optik kabel xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən genişzolaqlı ADSL texnologiyası vasitəsilə 369 yeni abunəçi internetlə təmin olunmuşdur. Naxçıvan şəhərindəki 2 avtomat telefon stansiyasında yeni avadanlıqlar quraşdırılmış, “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verilib. Bildirilib ki, bu liman birinci kateqoriya limanlar üçün müəyyən edilmiş texniki tələblərə uyğun layihələndirilib və inşa olunub. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır.
Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsini bildirən düyməni basıb.
Azərbaycan Prezidenti İlham Əliyev kompleksin ərazisini gəzib.
Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Prezidenti görüşdə çıxış edib.

AZƏRTAC

Mayın 14-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi fəaliyyətə başlamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının sədri Vüqar Abbasov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Müasir istehsal sahələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır, tələbat, əsasən, daxili imkanlar hesabına ödənilir. Bu gün istifadəyə verilən plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi də özəl sektorun inkişafına göstərilən qayğı nəticəsində yaradılmışdır. Müəssisənin yaradılmasına 27 milyon manat vəsait sərf olunmuşdur ki, onun 5 milyon manatı Sahibkarlığa Kömək Fondunun, 22 milyon manatı isə müəssisənin daxili imkanları hesabına ödənilmişdir. Vüqar Abbasov sahibkarlığın inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı sahibkarlığın inkişafından asılı olacaqdır”, – fikrini xatırladaraq demişdir: Azərbaycanda sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Ölkə Prezidenti tərəfindən bu sahənin inkişafı ilə bağlı qanun, sərəncam və digər normativ-hüquqi aktlar qəbul olunmuşdur. Dövlət tərəfindən kreditlərin verilməsi isə sahibkarlığın inkişafı üçün daha geniş imkanlar açmışdır. Yaradılan şəraitin nəticəsidir ki, artıq ölkəmizdə sahibkarlar sinfi formalaşıb. Bu gün yeni sənaye müəssisəsinin istifadəyə verilməsi də sahibkarlığa göstərilən qayğının daha bir ifadəsidir.

Ardını oxu...

Mayın 11-də Bakının Səbail rayonunda “Dinamo” otelinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Otelin baş meneceri Alberto Matos və dizayneri Linda Pinto burada aparılan əsaslı təmir-yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat veriblər.
Dövlətimizin başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.
Nəfis tərtibatla qurulan otelin interyeri müasirliyi ilə diqqəti cəlb edir. Burada aparılan ­yenidənqurma işləri nəticəsində qonaqların qalması, yüksək səviyyədə istirahət etməsi, vaxtlarını səmərəli keçirməsi üçün maksimum imkanlar yaradılıb. İdmançıların və atletlərin arenası olan bu məkan öz yeni konsepti ilə dinamik və müasir həyat tərzi axtaranlar üçün ideal bir məkandır.
Otellə tanışlıqdan sonra Azərbaycan Prezidenti kollektivlə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.

AZƏRTAC

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi,­ ­xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları və yaxınları xalqımızın xilaskar oğlunun doğum günündə ümummilli liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla anıb.
Həmin gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər.

AZƏRTAC

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş rəsm sərgisi açılıb.

Ardını oxu...

İkinci Dünya müharibəsində faşizm üzərində ­Qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad edib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı ­Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşüblər, Qələbə Günü münasibətilə onları təbrik ediblər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 may tarixli Sərəncamı ilə səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının incəsənət xadimləri də vardır.

Ağasoy Həsən Vəliqulu oğlu

Babayev İlqar Hüseyn oğlu

Dünyamalıyev Rəhman Musa oğlu

Əliyev Yusif Məmiş oğlu

Fətəliyev Zakir Məhərrəm oğlu

İsmayılov Rauf Fəxrəddin oğlu

Kərimova Elmira Nəsir qızı

Quliyeva Aynurə Arif qızı

Novruzov Əfsər Dilavər oğlu

Seyidov İxtiyar Mircəfər oğlu

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksinə gələrək müharibə veteranları ilə görüşmüş, onları İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə təbrik ­etmişdir.
Ali Məclisin Sədri kompleksdəki abidənin önünə gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə dərin ­ehtiramını bildirmişdir.
Sonra Dövlət Himni səslənmişdir.
Mərasim iştirakçıları və ictimaiyyətin ­nümayəndələri abidə önünə gül dəstələri düzmüşlər.
Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr vermiş, cəbhəyə 640 mindən çox oğul və qızını yola salmışdır. Azərbaycanlı çağırışçı və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar Şimali Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti də əvəzsiz rol oynamışdır. Həmçinin akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında Azərbaycanın kimyaçı alimləri xüsusi təyinatlı yanacaq və şaxtayadavamlı sürtkü yağlarının, eləcə də partlayıcı maddələrin istehsalını təmin etməklə Qələbəyə öz töhfələrini vermişlər. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:
Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2018-ci il

Mayın 7-də Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısına layihənin texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, burada inşa edilən tunelin qapalı hissəsinin uzunluğu 130, açıq hissəsinin uzunluğu 366 metr olmaqla ümumi uzunluğu 496 metrə bərabərdir. Tunelin hərəkət hissəsinin eni 10 metrdir. Layihə çərçivəsində 193 metr yanaşma yolları inşa olunub, həmçinin Sabunçu yol qovşağınadək uzunluğu 702, eni isə 12 metr olan yeni yol hissəsi salınıb. Layihə zamanı inşa olunan biraşırımlı körpünün uzunluğu 27 metr, eni isə 12 metrdir. Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz rayonuna səfərə gedib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev mayın 4-də Xaçmaza səfəri çərçivəsində Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun və Xaçmaz-Xudat avtomobil yolunun 24 kilometrlik hissəsinin yenidənqurma və bərpalarından sonra açılışını edib.
Dövlətimizin başçısı həmin gün Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 4 may tarixli Sərəncamı ilə Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının xalça­çıları da vardır.

Əliyeva Rübabə İbrahim qızı

Həmidova Vəfa Adil qızı

Hümbətova Həcər Mahmud qızı

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

Mayın 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.
Prezident, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən filmə baxıb, gəmilərin texniki göstəriciləri ilə tanış olub.
Sonra Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikasına, raket komplekslərinə, zərbəendirici pilotsuz uçan aparatlarına, silahlara, nəqliyyat vasitələri üzərində texniki-nəzarət stansiyalarına, idarəetmə və digər təyinatlı avadanlıqlara baxış keçirilib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yeni inşa olunan “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
Bildirilib ki, yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

AZƏRTAC

İnsan həyatı üçün vacib olan amillərdən biri də sağlam ekoloji mühitin yaradılmasıdır. Muxtar respublikada keçirilən iməciliklər, təbiətin qorunması və yaşıllıqların genişləndirilməsi sahəsində görülən işlər də bu məqsədə xidmət edir. Bu ilin yaz əkini mövsümündə muxtar respublikada 170 hektardan artıq sahədə meyvə bağı və yaşıllıq zolaqları salınmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolaini qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa Parlamenti arasında əlaqələr müzakirə olunub.

* * *

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.
İkitərəfli münasibətlərimizin tərəfdaşlıq əlaqələrinə əsaslandığını deyən dövlətimizin başçısı onun Böyük Britaniyaya səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı regional inkişaf və təhlükəsizlik məsələləri də müzakirə olunub.
Sonra Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan ­Respublikası Dövlət Neft Şirkəti – SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsasında Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər ­Kabineti:
2.1. Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 27 aprel 2018-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası ­Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 27 aprel 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfər edib.
Aprelin 26-da Prezident İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Dövlətimizin başçısının həmin gün Londonda Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Bləkmən, Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morris ilə birgə görüşü olub.
Prezident İlham Əliyev aprelin 26-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb.
Dövlətimizin başçısı həmin gün Londonda Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ilə görüşüb.
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.

AZƏRTAC

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb.
Aprelin 25-də Türkiyə Respublikası Prezidentinin Sarayında – Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Aprelin 25-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri aprelin 25-də başa çatıb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali­ ­Məclisinin Sədri 2017-ci il sentyabrın 12-də “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Ötən müddətdə sərəncamın icrası istiqamətində tədbirlər görülmüş, “Duzdağ” otelində Naxçıvan Duz Muzeyi yaradılmışdır.
Aprelin 25-də Naxçıvan Duz Muzeyi ­istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək demişdir ki, müstəqillik illərində Naxçıvan tarixinin hərtərəfli öyrənilməsinə başlanmış, 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun keçirilməsi bu sahədə əhəmiyyətli addım olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə keçirilən “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” və digər beynəlxalq konfranslar Naxçıvan tarixinin, mədəniyyətinin, təbii zənginliklərinin öyrənilməsində mühüm rol oynamışdır. Muxtar respublikanın digər ərazilərində olduğu kimi, Duzdağda da aparılan beynəlxalq arxeoloji ekspedisiya zamanı xeyli sayda maddi-mədəniyyət nümunələri aşkar edilmiş, mühüm elmi nəticələr əldə edilmişdir. Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, Naxçıvan Duzdağından eramızdan əvvəl V əsrdən mədən üsulu ilə duz çıxarılmışdır ki, bu da dünyada bu yolla duzun ilk emalı təcrübəsidir. Duzun çıxarılması müəyyən əmək alətlərinin hazırlanmasını tələb edir ki, bu da sənətkarlığın inkişafına səbəb olmuşdur. Duz istehsalının ən böyük təsirlərindən biri də duz ticarətinin inkişafına təsir göstərməsidir. Bütün bunların nəticəsində Naxçıvanda ilkin şəhər mədəniyyəti formalaşmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyinin yaradılması da xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının daha bir ifadəsidir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib.
Söhbət zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də əməkdaşlıq uğurla davam edir.
Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
Sergey Narışkin İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, bunu Azərbaycan xalqının böyük etimadı kimi dəyərləndirərək seçkilərin nəticələrini həm də Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirib.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev həm Azərbaycanda, həm də Rusiyada keçirilən son prezident seçkilərinə toxunaraq qeyd edib ki, bütün bunlar Rusiya və Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətə xalqlarımızın verdiyi dəstəyin nümayişidir.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 24 aprel 2018-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əkbər Nadir oğlu Novruzov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin ­direktoru təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 24 aprel 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.
Ötən il, eləcə də bu ilin ilk rübünün nəticələrinə əsasən ticarət dövriyyəsinin artmasını iqtisadi əlaqələrimizin genişlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bunun, ümumilikdə, ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi olduğunu vurğulayıb. Dövlətimizin başçısı ölkələrimizin birgə səmərəli fəaliyyəti nəticəsində iqtisadi əlaqələrin möhkəmləndiyini, eləcə də ayrı-ayrı müəssisələr arasında əməkdaşlığın gücləndiyini deyib. Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;
2.2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsini təmin etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 23 aprel 2018-ci il

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Bakı Metropoliteninin “İçərişəhər” stansiyasına gəlib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına metronun konseptual inkişaf sxemi və yeni metro qatarları barədə məlumat verib. Son illərdə digər sahələrdə olduğu kimi, Bakı Metropolitenin ən müasir avadanlıqla təchiz edilməsi və sərnişinlərin rahatlığının təmin olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlər həyata keçirilir.
Dövlətimizin başçısı yeni metro vaqonlarına baxıb.
Prezident İlham Əliyev yeni qatarla metronun “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gedib.
Dövlətimizin başçısına metronun konseptual inkişaf sxemi barədə məlumat verilib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovu qəbul edib.
Söhbət zamanı hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya uğurlu əlaqələri müzakirə edilib, gələcək qarşılıqlı faydalı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
Valeri Gerasimov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşünə ölkəmizin ev sahibliyi ilə əlaqədar dövlətimizin başçısına minnətdarlıq edib.
Azərbaycan Prezidenti bu görüşün Bakıda keçirilməsini ölkəmizə olan inamın göstəricisi kimi dəyərləndirib və görüşün beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.

* * *

Dövlətimizin başçısı aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

* * *

Prezident İlham Əliyev həmin gün ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib.

* * *

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

AZƏRTAC

Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ülvi Mötəbər oğlu Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 16 aprel 2018-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 16 aprel 2018-ci il

Ümummilli liderimiz Heydər Əliyev "Yeni 2001-ci il, yeni əsr və üçüncü  minillik münasibətilə Azərbaycan xalqına müraciəti"ndə deyirdi: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. 

Bu gün muxtar respublikada tarixi-mədəni irsimizə hörmətlə yanaşılır. Min illərin yadigarı olan abidələrimiz bərpa olunaraq qorunub yaşadılır, gələcək nəsillərə çatdırılır. Nehrəm İmamzadəsində bərpa işlərinin aparılması da bu sahədə görülən işlərin davamıdır. 

Aprelin 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nehrəm kəndinə gəlmiş, imamzadədə aparılan bərpa işləri ilə tanış olmuşdur.       

Məlumat verilmişdir ki, XVIII əsrdə inşa olunmuş Nehrəm İmamzadəsi islam müqəddəsləri ilə əlaqədar yaranmış memarlıq nümunələrindəndir. Burada yeddinci imam Musa Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur. Aşağı hissəsi kvadrat şəklində olan abidənin tavanı tağvari günbəzlə örtülmüşdür. Bərpa işləri aparılarkən türk-islam memarlıq elementlərindən istifadə olunmuş, imamzadənin tarixi görkəmi qorunub saxlanmışdır. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Dövlətimizin başçısı həmin gün MDB-dən seçkilərdə müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedevi qəbul edib.

* * *

Prezident İlham Əliyev aprelin 12-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

AZƏRTAC

Aprelin 11-i müasir müstəqil Azərbaycanın tarixində növbəti prezident seçkiləri günüdür.
Səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının ­nümayəndələri izləyiblər.
Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR