Ümummilli liderimiz Heydər Əliyev "Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti"ndə deyirdi: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Bu gün muxtar respublikada tarixi-mədəni irsimizə hörmətlə yanaşılır. Min illərin yadigarı olan abidələrimiz bərpa olunaraq qorunub yaşadılır, gələcək nəsillərə çatdırılır. Nehrəm İmamzadəsində bərpa işlərinin aparılması da bu sahədə görülən işlərin davamıdır.
Aprelin 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nehrəm kəndinə gəlmiş, imamzadədə aparılan bərpa işləri ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, XVIII əsrdə inşa olunmuş Nehrəm İmamzadəsi islam müqəddəsləri ilə əlaqədar yaranmış memarlıq nümunələrindəndir. Burada yeddinci imam Musa Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur. Aşağı hissəsi kvadrat şəklində olan abidənin tavanı tağvari günbəzlə örtülmüşdür. Bərpa işləri aparılarkən türk-islam memarlıq elementlərindən istifadə olunmuş, imamzadənin tarixi görkəmi qorunub saxlanmışdır.
İmamzadə ilə tanışlıqdan sonra yeddinci imam Musa Kazımın oğlu Seyid Əqilin ruhuna fatihə oxunmuşdur.
Ali Məclisin Sədri muxtar respublikada İslam tarixinin bir hissəsi olan imamzadələrin bərpa olunduğunu diqqətə çatdırmış, onların yaranma tarixlərinə nəzər salmış, imamzadələrin əsrlərdən bəri ziyarətgah və inanc yeri kimi fəaliyyət göstərdiyini bildirmişdir. Ali Məclisin Sədri Nehrəm imamzadəsinin tarixi abidə və ziyarətgah kimi qorunub saxlanması, imamzadə haqqında bələdçi mətninin hazırlanması barədə tapşırıqlar vermişdir.
Babək Rayon Dini İcmasının sədri Şahin İsmayılov rayon əhalisi və dindarları adından minnətdarlıq edərək demişdir ki, muxtar respublikada tarixi-mədəni irsimizə qayğı göstərilir, mənəvi dəyərlərimiz qorunub yaşadılır. Yeni məscidlər tikilir, ziyəratgahlarımız bərpa olunur, dindarlar üçün hərtərəfli ibadət şəraiti yaradılır. Nehrəm imamzadəsinin bərpa olunması da tarixi və dini-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsidir.
İmamzadənin həyətində də geniş abadlıq işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti