Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.
Prezident, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən filmə baxıb, gəmilərin texniki göstəriciləri ilə tanış olub.
Sonra Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikasına, raket komplekslərinə, zərbəendirici pilotsuz uçan aparatlarına, silahlara, nəqliyyat vasitələri üzərində texniki-nəzarət stansiyalarına, idarəetmə və digər təyinatlı avadanlıqlara baxış keçirilib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yeni inşa olunan “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
Bildirilib ki, yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.
AZƏRTAC