09 Yanvar 2025, Cümə axşamı

Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır, Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilir.

Noyabrın 2-də Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov maşın-mexanizmlərə və xidməti avtomobillərə baxmışlar.
Qeyd olunmuşdur ki, Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilmiş, hava limanına 25 adda 30 yeni texnika və avtomobil alınmışdır. “Skymark” markalı yanacaqvuran, “Man” markalı yanacaqdaşıyan və yanğınsöndürən, “Mercedes” markalı xüsusi təyinatlı qartəmizləyənlər, “Schmidt” markalı yolsüpürən, “Trepel” markalı yükləyici maşınlar, təyyarə yedəkləri, yüksəldici platforma, “Trepel” markalı təyyarəçəkən, “Sherpa” markalı 4 tonluq baqajçəkmə traktorları, yükqaldıran maşınlar və digər mexanizmlər yüksək texniki göstəricilərə malikdirlər. “Mercedes Sprinter” markalı 2 mikroavtobus, “Fiat Doblo”, “Nazlifan” və “Mitsubishi” markalı minik avtomobilləri də işçi heyətin rahat hərəkətini təmin edəcəkdir.
Müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, müasir inkişafı və turizm potensialı Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatına olan təlabatı artırır, mülkü aviasiya sahəsində müasir infrastruktur yaradılır. Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası da bu sahədə görülən işlərin davamıdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Kənd təsərrüfatı ilə bağlı biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik”.

Bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının yaradılması sahəsində ardıcıl tədbirlər görülür. Xüsusilə aqrar sahənin elmi şəkildə inkişafı diqqətdə saxlanılır.

Noyabrın 1-də - Kənd Təsərrüfatı İşçiləri Günündə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin, eləcə də Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin yeni inzibati binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 31 oktyabr 2018-ci il

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Publik hüquqi şəxs (bundan sonra - Qurum) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəyyən etdiyi sahədə (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərir. Qurum Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəyyən etdiyi hallarda müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir.
1.2. Qurum öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, həmin Qurumun Nizamnaməsini, digər normativ-hüquqi aktları rəhbər tutur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da İsveçrə ­Konfederasiyasının təhsil, araşdırma və ­innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambro­gionu qəbul edib.
Görüşdə iqtisadiyyat, turizm, təhsil, ­ o cümlədən peşə təhsili sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

* * *

Dövlətimizin başçısı oktyabrın 30-da Türkmənistan Respublikası Nazirlər ­Kabineti sədrinin müavini Məmmetxan Çakıyevi qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderi qəbul edib.

 

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 30 ok­tyabr tarixli sərəncamları ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da vardır.

Mirzəyeva Familə Mirzə qızı

3-cü dərəcəli “Əmək” ordeni ilə,

Abbasov Xaliq Dilavər oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə,

Həsənov Həzi Kərəm oğlu
Hüseynov Pamir Nəsurullah oğlu

“Tərəqqi” medalı ilə,

Həsənov Fikrət Əyyub oğlu

“Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə təltif edilmişlər.

Oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi ­keçirilmişdir.

Ardını oxu...

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gəliblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.
Heydər Əliyev Mərkəzində görülən işlərlə tanışlıq zamanı məlumat verilib ki, burada ümummilli liderin yeni abidəsi ucaldılıb. Ulu öndərə şəkililərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin tikintisinə 2018-ci ilin martında başlanılıb. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Dövlətimizin başçısına və birinci xanıma Şəki rayonunun Kiş kəndindəki Alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması layihəsi barədə də məlumat verilib.
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə Bayraq Muzeyinin, Şəki-Kiş avtomobil yolunun, Şəki “ASAN Həyat” kompleksinin, Heydər Əliyev Fondu tərəfindən Şəki şəhərində qarışıq tipli uşaq evi üçün inşa olunan yeni binanın, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışlarında iştirak ediblər.

AZƏRTAC

Qədim Naxçıvan torpağının yetirdiyi görkəmli mütəfəkkirlərindən biri də Nemətullah Naxçıvanidir (Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvani). Orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi kimi böyük şöhrət qazanmışdır. Nemətullah Naxçıvani 1452-ci ildə Naxçıvanda doğulmuş, dövrünün görkəmli alimlərindən təhsil almış, dünyəvi və dini elmlərə dərindən yiyələnmişdir. O, 1478-1487-ci illərdə Naxçıvan mədrəsələrində müəllimlik etmiş, 1487-ci ildə Təbrizə gələrək burada elmi fəaliyyətlə məşğul olmuş, sonra Türkiyədəki Ağşəhərə gedərək ömrünün sonuna kimi orada yaşamışdır.

Ardını oxu...

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Ardını oxu...

Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də BMT baş katibinin müavini Rəşid Xalikovu qəbul edib.

* * *

Dövlətimizin başçısı oktyabrın 25-də Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodetsi qəbul edib.

* * *

Prezident İlham Əliyev oktyabrın 25-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında mühüm rol oynayır. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı müvafiq qətnamələr qəbul edib. Bu qətnamələrə məhəl qoymayan Ermənistan isə status-kvonun saxlanılmasına və beləliklə, vəziyyətin dondurulmasına çalışır ki, bu da ­qəbuledilməzdir.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton qəbula görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib, ölkələrimiz arasında gələcəkdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə əminlik ifadə olunub.

AZƏRTAC

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.
Azərbaycan ilə Rusiyanın dost ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə fəal əməkdaşlıq həyata keçirdiyini bildirib. Dövlətimizin başçısı bu baxımdan ölkələrimizin Daxili İşlər nazirlikləri arasında çox səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərə toxunaraq, sentyabr ayında özünün Rusiya Federasiyasına rəsmi səfərini, sonra isə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini ölkələrimiz arasında mövcud olan qarşılıqlı fəaliyyətin xarakterinin və etimadın əyani nümunəsi kimi dəyərləndirib.
Vladimir Kolokoltsev bildirib ki, dövlət başçıları arasında son bir ildə 5 görüşün keçirilməsi bu münasibətlərin inkişaf strategiyasının bundan sonra da möhkəmləndirilməsinin vacib olduğunu göstərir. Eyni zamanda, Aktau şəhərində Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmış sənədlər də hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti üçün bir təkan rolu oynayıb.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

 

Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq ilə görüşüb.

Ali Məclisin Sədri Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən Naxçıvan şəhərində həyata keçirilmiş “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin uğurla başa çatması münasibətilə Vençay Janqı təbrik edib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Həmin gün İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi ­keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, Bayraq Muzeyinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının, “ASAN Həyat” kompleksinin açılışlarında iştirak edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalamış, Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına əsasən rayonda geniş quruculuq işləri aparılmış, Babək qəsəbəsində dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina əsaslı şəkildə yenidən qurulmuşdur.

Ardını oxu...

 

Oktyabrın 20-də "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində üçüncü "Arıçılıq məhsulları-bal festivalı" keçirilmişdir.

Tədbirin aparıcıları xalqımızın arıçılıq və bal istehsalı ilə hələ eramızdan əvvəlki dövrlərdən məşğul olması barədə məlumat vermiş, arıçılıqla bağlı yaranan folklor nümunələrini, atalar sözlərini, zərbi-məsəlləri festival iştirakçılarının diqqətinə çatdırmışlar.

Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada kənd təsərrüfatının, xüsusilə də arıçılığın inkişafına geniş imkanlar açır. Bu səbəbdən də arıçılığın inkişafı diqqətdə saxlanılır. Arıçılığın əhəmiyyəti təkcə qiymətli arı məhsullarının istehsalı ilə bitmir, eyni zamanda əhalinin məşğulluğunun, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və toxumların keyfiyyətinin yüksəldilməsində xüsusi rol oynayır. Arıçılıq kənd təsərrüfatının ən maraqlı, gəlir gətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrdən biridir. Digər təsərrüfat sahələri ilə müqayisədə arı təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın inkişaf imkanları daha genişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib.
Həmin gün Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
Prezidentlərə “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Dövlət başçıları zavodun açılışını ediblər.
Daha sonra prezidentlər “Əliağa-SOCAR”ın baş ofisinin binası ilə tanış olublar.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Babək rayonunun inkişafında fəaliyyətlərinə görə:
Məmmədov Nihal Məmmədqulu oğlu
Məmmədsoy Müşviq Məmməd oğlu – “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə;
Əliyev İsa Əli oğlu
Quliyev Həsən Əli oğlu
Seyidov Mirkərim Əhməd oğlu – “Əməkdar müəllim” fəxri adı ilə;
Abdullayev Qulam Səfərəli oğlu
Həsənova Leylan İbrahim qızı – “Əməkdar həkim” fəxri adı ilə;
Abutalıbov Tofiq Abutalıb oğlu
Həsənov Cəlal İbrahimxəlil oğlu – “Əməkdar kənd ­təsərrüfatı işçisi” fəxri adı ilə;
Rzayeva Sevinc Hüseyn qızı – “Əməkdar mühəndis” fəxri adı ilə;
Əliyev Məcid Sərraf oğlu
Xudiyev Məhərrəm Cəlil oğlu
İsmayılov Hüseyn Abbas oğlu
Novruzov Məhərrəm Yavər oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 19 oktyabr 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 oktyabr tarixli sərəncamları ilə Azərbaycanda energetika sahəsinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının energetikləri də vardır.

Əliyev Güloğlan Aslan oğlu

Rüstəmov Dolu Həsən oğlu

“Tərəqqi” medalı ilə,

Xəlilov Seyfəddin Heydər oğlu

“Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsindən və bütövlükdə siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluğunu bildirib.
Maria Elisabetta Alberti Kasellati qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycanın həm ənənə, həm də mədəniyyət baxımından çox zəngin ölkə olduğunu vurğulayıb.
Görüşdə sənaye, enerji, neft-kimya, mədəniyyət, infrastruktur, kənd təsərrüfatı, ekologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

AZƏRTAC

Oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, Azərbaycan Respublikasının orden və medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Dövlət Aktının qəbul olunması Günü münasibətilə təbrik edərək demişdir: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında dövlət aktı qəbul olunmuşdur. Lakin o dövrün Azərbaycanında ictimai-siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi, qarşıdurma, hakimiyyət uğrunda mübarizələr və bütün bunlardan istifadə edən işğalçı ölkənin torpaqlarımıza təcavüzü hökm sürürdü. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin itirilmə təhlükəsi yaranmışdı. Belə bir dövrdə Azərbaycanın milli liderə böyük ehtiyacı var idi. O zaman xalqın və ziyalıların təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qaydışı dövlət müstəqilliyimizi qorudu. Ölkəmizdə sabitlik və vətəndaş həmrəyliyi bərpa olundu, müstəqil Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoydu.

Ardını oxu...

2018-ci ildə görkəmli Azərbaycan rəssamı İbrahim Safinin (İbrahim Qafar oğlu Səfiyev) anadan olmasının 120 illiyi tamam olur.
İbrahim Səfiyev 1898-ci ildə Şərur rayonunda anadan olmuş, ilk təhsilini Cəlilkənd məktəbində almış, sonra İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. İki il Moskvadakı Rəssamlıq Akademiyasında təhsil alan İbrahim Səfiyev 1917-ci ildə Naxçıvana qayıtmış, burada rəssamlıqla məşğul olmuşdur. O, sonra Türkiyəyə getmiş, 1923-cü ildə İstanbulda İncəsənət Akademiyasını bitirmişdir. Həyatını sənətə bağlayan görkəmli rəssam ömrünün sonuna kimi Türkiyədə yaşamışdır.

Ardını oxu...

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.

Ali Məclisin Sədri qonağı salamlayıb və onu yenidən Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafında İsrailin ölkəmizdəki səfirliyinin fəaliyyətini qeyd edib.

Naxçıvan Muxtar Respublikasına üçüncü dəfə səfər etdiyini bildirən Dan Stav səmimi qəbula görə minnətdarlıq edib. Diplomat muxtar respublikada əlaqələrin inkişafı üçün ­imkanların olduğunu bildirib və səfərin bu baxımdan əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Babək rayonunun Aşağı və Yuxarı Buzqov kəndlərində

kompleks quruculuq işləri aparılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcəkdir. Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir”.

Bu gün dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan davamlı inkişaf və tərəqqi dövrünü yaşayır. Bu inkişaf Naxçıvan Muxtar Respublikasını da əhatə etmişdir. Heydər Əliyev siyasi xəttinə sədaqət muxtar respublikanın bütün yaşayış məntəqələrində sürətli və kompleks inkişafı təmin etmişdir. Ucqar dağ və sərhəd kəndlərimizdə yaradılan infrastruktur isə ölkəmizdə insan amilinə verilən dəyərin daha bir ifadəsidir.

 Oktyabrın 15-də Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir. 

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasında ­tikinti və tarix-memarlıq abidələrinin bərpası sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Bəylər oğlu Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ­verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələ­ləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2018-ci il

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba rayonuna səfər çərçivəsində avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

* * *

Oktyabrın 11-də Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

* * *

Həmin gün Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun açılışını edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair
2018-2022-ci illər üçün Dövlət Proqramı

1. Giriş

Son illər ərzində Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində uşaqların sağlamlığının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılmışdır. Həyata keçirilən tədbirlər uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına imkan vermişdir.
Hər il muxtar respublikada uşaq əhalisi tibbi müayinədən keçirilmiş, aparılan müayinələr nəticəsində xəstəlik aşkar edilmiş uşaqlar dispanser qeydiyyatına alınmış, onların arasında müalicə-sağlamlaşdırıcı tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində aparılan tədbirlərin davamı olaraq Dövlət Proqramı uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsinə, uşaq ölümünün azaldılmasına, uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi­-texniki bazasının gücləndirilməsinə, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıqlarla və reaktivlərlə təchiz edilməsinə, kadrların təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin daha geniş miqyasda həyata keçirilməsini və əhali arasında maarifləndirmə işlərinin səmə­rəliliyinin artırılmasını nəzərdə tutur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılması məqsədilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının ­Səhiyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və icra barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 9 oktyabr 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 10 oktyabr tarixli Sərəncamı ilə Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaş­ları da vardır.

Hacıyev Qaməddin Abbasqulu oğlu

Qasımov Akif Mustafa oğlu

Məmmədov Xalid Əbil oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq bildirib ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin edib və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb.
Dövlətimizin başçısı deyib: “Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir”.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kenti qəbul edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnamə” təsdiq edilsin.
2. “Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin strukturu” təsdiq edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Aparatının işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilsin.
4. Naxçıvan Muxtar Respublikasının ­Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 9 oktyabr 2018-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında yanğın təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətlərinə görə:

Bayramov Xeybər Məhəmməd oğlu

Əhmədov Araz Vəliyullah oğlu

Əsədov Elməddin Təvəkkül oğlu

Həsənov Hüseyn Cəbi oğlu

Hüseynov Cəmşid Pənah oğlu

İsmayılov Faiq İbrahim oğlu

Qənbərov Etibar Tarqulu oğlu

Məmmədov Hasil Qənbər oğlu

Novruzov Şahin Rizvan oğlu

Vəliyev Vəli Əli oğlu − “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 9 oktyabr 2018-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

 

1.1. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti (bundan sonra - Departament) muxtar respublikada turizm sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Departament öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Aparatı 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

Söhbət zamanı Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olunub, onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi qeyd olunub.

* * *

Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonu sökülərək Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub.

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pavilyonla tanış olublar.

AZƏRTAC

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasını gücləndirmiş, döyüş qabiliyyətini artırmışdır. Hərbi hissələrdə aparılan quruculuq işləri və yaradılan müasir şərait isə xidmətin nümunəvi təşkilinə imkan verir.

Ardını oxu...

 

Əhalinin etibarlı ərzaq təminatında taxılçılıq mühüm yer tutur. Bu sahənin dövlət tərəfindən dəstəklənməsi, texnika, gübrə və toxum təminatı, eləcə də mütərəqqi suvarma sistemlərinin qurulması məhsul istehsalının artmasına səbəb olmuşdur. Hazırda muxtar respublikada payızlıq taxıl əkini aparılır. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi arxiyepiskop Pol Fitzpatrik Rasselin etimad­naməsini qəbul edib.
Pol Fitzpatrik Rassel etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev apostol nunsi ilə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayıb. Münasibətlərimizin yaxşı tarixə malik olduğunu və bir çox sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, mədəniyyət sahəsindəki əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır və bu əməkdaşlığımız həm ikitərəfli münasibətlərin yaxşı əlamətidir, eyni zamanda mədəniyyətlərarası və sivilizasiyalararası qlobal prosesin mühüm elementlərindən biridir.
Arxiyepiskop Pol Fitzpatrik Rassel Vatikan ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin mövcud olduğunu vurğulayıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 4 oktyabr tarixli sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri də vardır.

Əliyev Kəmaləddin Qurban oğlu
Hüseynov Eldəniz Zahid oğlu
Qasımov Dadaş Həsən oğlu
Zeynalova Fatma Nurəddin qızı

“Tərəqqi” medalı ilə,

Abdullayeva Səkinə Əli qızı
Bağırov Hüseynəli Məmmədəli oğlu
Mehdiyeva Xuraman Məhiyəddin qızı
Mədədova İltifat İbad qızı
Rəhimov Salman Məmməd oğlu

“Əməkdar müəllim” fəxri adları ilə təltif ­edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin etimadnaməsini qəbul edib.
Səfir Milan Ekert etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin səviyyəsindən və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edib, eyni zamanda əlaqələrimizin Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığı baxımından da önəmini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz həyata keçirilən əməkdaşlığın digər sahələrdə də yaxşı nəticə verməsində maraqlıdır və dövlətimizin başçısı buna nail olunacağına əminliyini ifadə edib.
Fövqəladə və səlahiyyətli səfir Milan Ekert ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Səfir vurğulayıb ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından keçən 25 il ərzində ikitərəfli münasibətlərimizin inkişafında böyük nəticələr əldə edilib.

AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin quruculuq strategiyasının mühüm nəticələrindən biri də Babək rayonunun yaradılmasıdır. Bu gün dahi şəxsiyyətin siyasi xəttinə sədaqət Babək rayonunu müasir yaşayış məntəqəsinə çevirmişdir. Rayonda sosial-iqtisadi inkişaf təmin olunmuş, tikinti-quruculuq işlərinin həcmi genişlənmiş, məskunlaşma artmışdır.
Oktyabrın 1-də Babək qəsəbəsində gənc ailələr üçün tikilmiş yeni yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada həyata keçirilən sosial layihələrin davamı olaraq Babək rayonunda yeni yaşayış binasının istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bütün sahələrdə inkişaf və tərəqqi var. Bu da özünü həm insanların yaşayış şəraitinin və rifahının yaxşılaşmasında, həm də onların mənzil sahibi olmalarında göstərir.
Ali Məclisin Sədri demişdir: Mənzil insan həyatında vacib amildir. Gənc yaşda müasir mənzil sahibi olmaq və rahat həyatı təmin etmək isə daha mühüm məsələdir. Muxtar respublikada bu sahədə həyata keçirilən layihələr gənc ailələrə göstərilən dövlət qayğısının ifadəsidir. Dövlət tərəfindən maliyyələşdirilən bu layihələrə ilk dəfə Naxçıvan şəhərində başlanılmış, Gənclər şəhərciyi tikilib istifadəyə verilmişdir. Muxtar respublikanın rayon mərkəzlərində - Babək, Kəngərli və Sədərək rayonlarında da gənclər üçün yeni yaşayış binalarının tikintisinə başlanılmışdır. Dövlət vəsaiti ilə tikilən binalarda mənzillərə çəkilən xərclərə heç bir əlavələr edilmədən münasib qiymətə gənc ailələrə təklif edilir. Əldə olunan vəsait isə digər yaşayış binalarının tikintisinə sərf olunur. Bu da gənclərimizin əlavə vaxt və vəsait itkisinə yol vermədən qısa müddətdə mənzil sahibi olmalarına şərait yaradır.

Ardını oxu...

Bu gün yaşayış məntəqələrində yeni məscid binalarının və mərasim evlərinin tikilməsi muxtar respublikada həyata keçirilən dövlət-din siyasətinin mühüm istiqamətlərindəndir. Dini və mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edən bu tədbir Babək rayonunda da uğurla həyata keçirilir.

Ardını oxu...

Oktyabrın1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş Baş konsulu Məhmət Emin Kirazı qəbul edib.

Ali Məclisin Sədri Məhmət Emin Kirazı muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Naxçıvan Muxtar Respublikası ilə dost və qardaş Türkiyə arasında iqtisadi-ticarət, hərbi, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri münasibətlərin daha da möhkəmləndirilməsində Baş konsula uğurlar arzulamışdır.

Məhmət Emin Kiraz səmimi qəbula görə minnətdarlıq etmiş, qardaş ölkə Azərbaycanın Türkiyə ilə yeganə sərhədi olan Naxçıvan Muxtar Respublikasında diplomatik fəaliyyət göstərməkdən şərəf duyduğunu və əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini bildirmişdir.

Söhbət zamanı mövcud əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb. 

Ali Məclisin Sədri qonağı ümummilli liderimiz Heydər Əliyevin vətəni Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Muxtar respublika haqqında ətraflı məlumat verən Ali Məclisin Sədri Naxçıvan şəhərində rusdilli məktəbin fəaliyyət göstərdiyini, Naxçıvan Dövlət Universitetində rus dili ixtisasının, ümumtəhsil məktəblərində isə rus dili fənninin tədris olunduğunu qeyd etmişdir. Ali Məclisin Sədri təhsil və turizm sahəsindəki əlaqələrdən bəhs etmiş, əməkdaşlıq imkanlarını diqqətə çatdırmışdır. 

Naxçıvanda olmaqdan məmnunluğunu bildirən Maksim Oreşkin göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə diqqəti çəkən qonaq Naxçıvan Muxtar Respublikasının inkişafını əməkdaşlıqda vacib amil kimi dəyərləndirmişdir. 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Sentyabrın 28-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları ­Şurasının məhdud tərkibdə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

* * *

Həmin gün Düşənbədə MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə iclası olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 28 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasında qanunçu­luğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ­ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları da vardır.

Şahverdiyev Səbuhi Zəhmət oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə,

Həsənov Yaşar Əli oğlu
Talıbov Məhərrəm Yusif oğlu

“Tərəqqi” medalı ilə,

Ağayev Elşad Cəlil oğlu
Əsgərov Əsrafil Cəfər oğlu
İbrahimov Salman Müzəffər oğlu
Vəliyev Teymur İbrahim oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişlər.

Sentyabrın 27-də cüdo üzrə dünya çempionatı çərçivəsində qarışıq komanda yarışları ­keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, ölkəmizdə işgüzar səfərdə olan Rusiya Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer yarışlara baxıblar.

* * *

Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası ­Forumunun rəsmi açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər.
Azərbaycan və Rusiya prezidentləri açılış mərasimində çıxış ediblər.

* * *

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR