Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında mühüm rol oynayır. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı müvafiq qətnamələr qəbul edib. Bu qətnamələrə məhəl qoymayan Ermənistan isə status-kvonun saxlanılmasına və beləliklə, vəziyyətin dondurulmasına çalışır ki, bu da qəbuledilməzdir.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton qəbula görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib, ölkələrimiz arasında gələcəkdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə əminlik ifadə olunub.
AZƏRTAC