Dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilmişdir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi
7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi
8. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir. (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur)
Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış etmişlər.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış etmiş, “Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi barədə çıxış etmiş, sessiyada “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunmuşdur.