Heydər Əliyev adına Bakı neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin dekabrın 21-də açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı İlham Əliyevə görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, bitum qurğusu istismara verildikdən sonra burada illik istehsal 250 min tondan 400 min tona çatdırılacaq. Bu həcm ölkədaxili tələbatın təminatı üçün nəzərdə tutulur. Bu qurğuda “PEN 40-60” markalı yüksəkkeyfiyyətli bitum istehsal ediləcək. Növbəti mərhələlərdə AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsalı nəzərdə tutulur və artıq bu istiqamətlərdə də işlər sürətlə davam etdirilir.
Maye qazdoldurma stansiyası 7 avtoçənə və 5 çən vaqona yükləmə qolundan ibarətdir. Bu məntəqədən il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qazın avtoçən və dəmir yolu, 178 min ton butan-butilen fraksiyasının isə boru xətti, lazım olduğu təqdirdə avtoçən və ya dəmir yolu ilə nəqli nəzərdə tutulub. Propan-propilen və butan-butilen fraksiyaları “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində xammal kimi işlənəcək, əmtəə məhsulu kimi isə məişətdə və nəqliyyat vasitələrində istifadəsi üçün satışa çıxarılacaq.
Prezident İlham Əliyevə Heydər Əliyev adına Bakı neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsi barədə məlumat verilib.
Prezident İlham Əliyev yeni bitum qurğusunu işə salıb.
* * *
Dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.
Sonra səyyar notariat çantası, elektron ədliyyə köşkü və mobil notariat qovluğu nümayiş etdirilib.
AZƏRTAC