Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Qara Yanvar hadisələrindən 29 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəliblər.
Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
AZƏRTAC