Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 10-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi, döyüş texnikası və silah-sursatla tanış olub.
Dövlətimizin başçısına “Savalan” tipli müasir sərhəd gözətçi gəmisinin layihəsi, həmçinin “Milli Boat” proqramı çərçivəsində yeni itisürətli üzmə vasitələri, yedək gəmiləri təqdim olunub.
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən videoçarxa baxıb, onların texniki göstəriciləri ilə tanış olub.
Sonra Prezident İlham Əliyevə yeni xüsusi təyinatlı döyüş texnikası və silah-sursat, pilotsuz uçan aparatlar, tank əleyhinə idarə olunan raketlər, lazer hədəf tuşlama sistemləri, termal müşahidə cihazları təqdim olunub. Bu döyüş texnikası və silah-sursat dünyanın ən aparıcı ölkələrinin məhsullarıdır.
Dövlətimizin başçısına mobil qida maşınlarının istehsalı, sərhəd gözətçi katerlərin təmiri üçün nəzərdə tutulmuş texnika nümayiş olunub.
AZƏRTAC