08 Yanvar 2025, Çərşənbə

Dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilmişdir.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:

1. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı

6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

8. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir. (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur)

Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış etmişlər.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı  Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış etmiş, “Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi barədə çıxış etmiş, sessiyada “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunmuşdur.

Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” 2017-ci il 30 iyun tarixli Qanununa əsasən işsizliyin yaranması hallarının qarşısının alınması, iş yeri ixtisar olunmuş şəxslərin əməkhaqlarının kompensasiya olunmasının təmin edilməsi və məşğulluğun artırılması məqsədilə işsizlikdən sığorta fondunun vəsaitləri hər il üçün qanunla təsdiq olunur. Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi oxunmuş və “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiq edilmişdir.

Gündəlikdə duran beşinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmiş, məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.

Sonra “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi oxunaraq qəbul olunmuşdur.

Sessiyada gündəlikdə duran yeddinci məsələnin müzakirəsi zamanı diqqətə çatdırılmışdır ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda edilmiş dəyişikliklərə əsasən müvəkkilin vəzifə maaşı artırılmış və pensiya təminatını tənzimləyən 16.7-ci maddəsi yeni redaksiyada verilmişdir. Dəyişikliklərə əsasən Müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Bu məsələ ilə əlaqədar qanun layihəsi oxunmuş və “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun qəbul olunmuşdur.

Ali Məclisin Sədri demişdir ki, gündəlikdə duran səkkizinci məsələ “Naxçıvan Muxtar Respublikası  Ali Məclisi deputatının  statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi haqqındadır. Deputatın və onun ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsi ilə bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmişdir. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikasının müvafiq qanununda dəyişikliklər edilməsi üçün layihə hazırlanmışdır.

Sessiyada “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq təsdiq olmuşdur.

Ali Məclisin Sədri 2018-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirmiş, Ali Məclisin deputatlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmişdir.

Ali Məclisin Sədri demişdir ki, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları” ili kimi qəbul olunur.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası öz işini başa çatdırmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR